Kürün balığı qəhətə çəkilir

19 Oktyabr 2013 08:40 (UTC+04:00)

Aparılan son araşdırmalar bir sıra Azərbaycan çaylarında, o cümlədən Kürdə balığın ötən illərlə müqayisədə xeyli azaldığını göstərir. Mütəxəssislərin fikrincə, bunun bir səbəbi çayda suyun miqdarının əvvəlki illərlə müqayisədə az axmasıdır. Digər ikinci və başlıca amil çayla dənizin qovuşduğu ərazidə lillənmənin güclü olmasıdır. Balıqçılar bu məsələdə günahı həm də çayın əvvəlki yatağının sıradan çıxarılmasında görürlər.

Mütəxəssislər deyir ki, hətta bir çox balıq növləri, xüsusən həşəm və ilanbalığının sayı azaldığından çayda az-az rast gəlinir. Hətta çörəyini bu işdən çıxaran bəzi balıqçılar balıq olmadığından evlərini satıb şəhərə gedib.

Məsələ ilə bağlı "Mövqe" qəzetinə açıqlamasında Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev bildirdi ki, 1953-cü ildən başlayaraq Kür və Araz çayları üzərində bəndlər tikilməyə başalyıb: "Hazırda da Mingəçevir, Bəhramtəpə bəndləri fəaliyyət göstərir. Ümumiyyətlə, Xəzər dənizində olan balıqların əksəriyyəti çoxalmaq üçün Kür çayına girib Arazdan Naxçıvana qədər qalxırlar. Kürə tökülüb çoxaldıqda balıqların sayı çox idi. Ancaq çayların üzərində su anbarları tikiləndə balıqçılığa ziyan dəydi. Düzdür, sonradan dəymiş zərəri ödəmək məqsədi ilə balıqartırma zavodları yaradılması nəzərdə tutulmuşdu və yaradıldı. Müəyyən müddətdir ki, işləyirlər. Sonradan Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar zavodların bir neçəsi suyun altında qaldı. Təmir olunmadığından çoxlu itkilər oldu. İndi də demək olar ki, zavodlar tam gücü ilə işləmir. 2006-cı ildə Neftçalada nərə balığı artırma zavodu tikildi. Təəssüf ki, indiki dövrdə həmin zavod ana balığı tapmaqda çətinlik çəkir. Yəni, bu zavod da tam gücü ilə işləyə bilmir".

Namiq Mustafayevin sözlərinə görə, Kürdə balıqların sayının azalmasının səbəbi çoxalmaq üçün ora gedən balıqların qarşısının alınması oldu: "Əksər heyvanlarda, xüsusən də balqıda belə bir genetik xüsusiyyət var ki, harada kürüdən çıxıbsa, gələcəkdə çoxlmaq üçün həmin yerə getməyə can atır. Məsələn, ilanbalığı ən çox Kür çayından girib Ağstafa, Alacan çayına qədər olan ərazilərdə kürü tökürdü. Sonradan bənd tikmə nəticəsində kürütökmə yerlərinin sayı azaldı. Bununla da 1989-cu ildə Azərbaycanın Qırmızı Kitabına daxil edildi. Amma sonradan məlum oldu ki, o balıq bir çox yerlərdə çoxala bilir. Ona görə də onun Qırmızı Kitabda saxlanılması məqsədəuyğun hesab edilmədi və çıxarıldı. Hazırda kifayət qədər ilanbalığı var. Yəni, ilanbalığı dəyişən mühitə uyğunlaşa bilir. Amma digər balıqlar daha həssas olduqlarına görə çoxalma yerləri sıradan çıxdığından onlar artıb çoxala bilmirlər. Bu gün Kürün aşağı hissələrində bəzi balıqlara çox rast gəlinir. Səbəb də odur ki, Neftaçalada, Salyanda çoxlu özəl təsərrüfatlar var. Həmin göllər boşaldılan zaman kanal vasitəsi ilə qaçan balıqlar olur ki, onlar gedib təbii şəraitdə çoxalırlar. Bəzi balıqların ehtiyatı isə təbii kürütökmə yerlərinə gedə bilmədiyindən Kürdə kəskin şəkildə azalıb".

Ekoloq Telman Zeynalov bildirdi ki, Kürdə bəzi balıq növlərinin azalmasının səbəbləri var: "Birincisi, bəndlərin tikilməsidir. İkincisi səbəb kimi Kürün Xəzər dənizinə tökülən hissəsinin dayazlaşmasına deyə bilərik. Oranın dərinliyi 17.5 metr olmalı idi. Hazırda FHN o ərazilərdə işlər görür. Kürün Xəzərə töküldüyü hissəsini və Mingəçevir Su anbarına qədər olan əraziləri lildən təmizləyib dərinləşdirirlər ki, balıqlar Kür çayında kürü tökə bilsinlər. Kürülər böyüdükcə də Xəzər dənizinə qayıdırlar. Həm də 1997- ci ilə qədər Xəzər dənizinin qalxması ilə əlaqədar, Salyan ərazilərində olan balıqartıma zavodları suyun altında qaldı. Bu da balıqların sayının azalmasına təsir etdi. Ən əsası isə brokonyerlərin hücumu nəticəsində balıqların sayında azalmalar olur. Ona görə də dövlət buna ciddi nəzarət etməlidir".