Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinə dair MSK-nın yekun protokolunu təsdiqləyib - YENİLƏNİB

19 Oktyabr 2013 11:38 (UTC+04:00)

Bu gün Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə baxılıb.


APA-nın məlumatına görə, iclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilib.

Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S. Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R. Qvaladze isə seçkinin nəticəsinə dair protokola əsasən, prezident İlham Əliyevin səslərin yarıdan çoxunu toplayaraq qalib olduğunu bildirib.

Daha sonaMSKsədri Məzahir Pənahov çıxış edib. O, bildirib ki, prezidentliyə namizədlərə təbliğat-təşviqat kompaniyası üçün şərait yaradılıb. Onlara efir vaxtı və yazılı mətbuatda çıxış imkanı verilib: "Prezident seçkiləri beynəlxalq və yerli müşahidəçilər, jurnalistlər tərəfindən izlənilib. Səsvermənin ilkin nəticələri operativ şəkildə işıqlandırılıb. Seçki günü seçicilər çox fəal olublar və məntəqələrə gələrək səs veriblər. Azərbaycanda seçkilərin sərbəst şəkildə və obyektiv keçirildiyi beynəlxalq qurumlar tərəfindən də bəyan edilib. Seçkilərin nəticələrinə dair protokol tərəfimizdən tərtib edilib. Nəticələrə görə, seçicilərin böyük hissəsi seçkilərdə iştirak edib. Tərtib olunmuş protokol təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndərilib".

İclasda Cəmil Həsənli çıxış üçün söz istəyib. Lakin F. Abdullayev etiraz edib, bildirib ki, bu cür iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə bilərlər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin onların çıxış etmək hüququ yoxdur.

Sonra hakimlər müşavirəyə gediblər.

Hakimlər müşavirədən qayıdandan sonra F. Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib.

Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dairMSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. PlenumMSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib.

Qərar elan olunduğu gündən qüvvəyə minir.

Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb.

Qeyd edək ki, MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək respublika üzrə səsvermənin nəticələrini müəyyən edib.

Respublika üzrə Seçki Dairələrinin sayı 125, Seçki Məntəqələrinin ümumi sayı 5492 olub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı 0, səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı 0 olub.

Respublika üzrə seçicilərin ümumi sayı 5 214 787, seçici siyahılarında olan seçicilərin sayı 5 145 592 , əlavə seçici siyahısında olan seçicilərin sayı 69195, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı 33851 nəfər təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı 5 149255, seçki bülleteni almış seçicilərin sayı 3 735374, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı 1 409949 olub. Korlanmış seçki bülletenlərinin sayı 3 932 , seçki qutularında olan seçki bülletenlərinin sayı 3 734592, etibarsız hesab edilmiş səslərin sayı 36 622 , etibarlı hesab edilmiş səslərin sayı 3 697 970 olub.

Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi isə aşağıdakı kimi olub: İqbal Ağazadə - 88 723 2.40 , İlham Əliyev 3 126 113 84.54, Araz Əlizadə 32 069 0.87, Hafiz Hacıyev 24 461 0.66, Qüdrət Həsənquliyev 73 702 1.99, Cəmil Həsənli 204 642 5.53, İlyas İsmayılov 39 722 1.07, Fərəc Quliyev 31 926 0.86, Sərdar Məmmədov 22 773 0.62, Zahid Oruc - 53 839 1.46.

***

Saat 09.03

Bakı. Şəhriyar Əlizadə -APA. Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu başlayıb.

APA-nın məlumatına görə, Plenumda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə baxılır.

İclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilir.