Rusiya ombudsmanı Orxan Zeynalova qarşı zorakılığa etiraz etdi

19 Oktyabr 2013 13:03 (UTC+04:00)

"Bu hadisə ilə faktiki eyni vaxtda Azərbaycan və Özbəkistan vətəndaşı olan iki şəxs öldürülüb"

Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli sayılan Azərbaycan vətəndaşı Orxan Zeynalov ömürlük azadlıqdan məhrum edilə bilər.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhqiqat Komitəsinin Baş Təhqiqat İdarəsinin nümayəndəsi Sergey Stukalov bəyan edib.

Rusiya ombudsmanı Vladimir Lukin isə hüquq-mühafizə orqanlarını Yeqor Şerbakovun qətli ilə bağlı obyektiv araşdırma aparmağa çağırıb. O bildirib ki, məhkəmənin qərarına qədər qətldə şübhəli sayılan Orxan Zeynalova münasibətdə günahsızlıq prezumpsiyası qüvvədədir: "Birincisi, Orxan Zeynalovun tutulma səhnəsinin Rusiya KİV-lərində nümayiş etdirilməsini düzgün saymıram. Ümid edirəm ki, istintaq obyektiv olacaq. Orxan Zeynalov şübhəli şəxsdir, ancaq onun nə dərəcədə günahkar olub-olmamasını məhkəmə müəyyənləşdirəcək. Digər tərəfdən, bu hadisə ilə faktiki eyni vaxtda Azərbaycan və Özbəkistan vətəndaşı olan iki şəxs öldürülüb. Ümid edirəm ki, Rusiya hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasına da eyni həvəslə yanaşacaqlar".

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı "Pokrov" bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib. Rusiya polisi oktyabrın 16-daOrxan Zeynalovu Moskva ətrafındakı Kolomna yaşayış məntəqəsində həbs edib. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının kobud davranışı Azərbaycanda ciddi etiraz doğurub. Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib. Yeqor Şerbakovun rəfiqəsi Kseniya Papova isə qətli Orxan Zeynalovun törətdiyini iddia edib. Oktyabrın 17-də Moskvanın Presnensk Məhkəməsi Orxan Zeynalovun 2 ay müddətində həbs edilməsi barədə qərar verib.