Prezident və ailəsi andiçmədən sonra şəhərdə-Foto
19 Oktyabr 2013 22:37 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Milli
Məclisdə təntənəli andiçmə mərasimindən sonra ailə üzvləri Dövlət
Bayrağı Meydanında olub. Fəxri qarovul dəstəsinin rəisi Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş
Komandanının şərəfinə yaylım atəşi açılıb. Fəxri qarovul dəstəsi
hərbi marşın sədaları altında dövlət başçısının qarşısından
keçib. Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin iştirakı ilə təntənəli surətdə açılıb. Bakıdakı bayraq
dirəyi hündürlüyünə görə 2010-cu il mayın 29-da Ginnesin rekordlar
kitabına daxil edilmişdir. İyirmi min kvadratmetr ərazisi olan
meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın
eni 35, uzunluğu 70 metrdir.
Daha sonra prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə
xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını, Fəxri
xiyabanı ziyarət edib. Dövlət başçısı Azərbaycanın azadlığı,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad
etdi, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Prezident İlham
Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.
Dövlət başçısı Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər
Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın, Əziz Əliyevin və professor Tamerlan Əliyevin
məzarlarının ziyarət edib, xatirələrini yad ediblər.
