Oktyabrın 19-da Milli Məclisdəki inauqurasiya mərasimin də and
içən prezident İlham Əliyev nitq söyləyib. Ölkə başçısının nitqinin
tam mətnini təqdim edirik:
- Hörmətli xanımlar və cənablar.
İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident
vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı
bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan
sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün
əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da
sədaqətlə xidmət edəcəyəm.
Dünən Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilirdi. Hesab
edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət
müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident
seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks
etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir
və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir.
Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz
yüksək qiymətini vermişdir.
On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz
vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər
Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində
qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki,
prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz
səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il
ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş
işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə
gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.
Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan
sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on
ilin tarixi bunu deməyə əsas verir. On ildə Azərbaycanda sabitlik
qorundu. Biz Müstəqillik Gününü qeyd edərkən bir daha
müstəqilliyimizin ilk illərinə qayıdırıq və görürük ki, sabitlik
pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir,
Azərbaycan böyük fəlakətlərlə üzləşmişdir. Demək olar ki, gənc
müstəqil dövlət uçurum kənarında idi. Heydər Əliyev siyasəti, onun
qətiyyəti, xalqın ona olan inamı bu ağır vəziyyətdən xalqımızı,
dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan inkişaf
yoluna qədəm qoymuşdur.
Ona görə sabitliyin qorunması son on il ərzində prioritet məsələ
kimi daim gündəlikdə idi. Sabitliyin qorunmasında əlbəttə ki,
dövlət siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar
arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas rol
oynamışdır.
Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik. Son
on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim
hamımızın yaxşı xatirindədir. Qanlı toqquşmalar, müharibələr,
inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar
bizim ətrafımızda baş verən hadisələr idi. Biz öz siyasətimizlə,
qətiyyətimizlə Azərbaycan xalqını və Azərbaycan dövlətini bu
bəlalardan qoruya, müdafiə edə bilmişik. Beləliklə, son on il
ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik
şəraitində yaşamışdır.
Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə
bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə
aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da
gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf
dinamikası saxlanılmışdır.
Bu on ildə Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə
getmişdir. Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və
seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi
demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar təmin
edilmişdir. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı,
sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilmişdir.
Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə
getmişdir. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi
islahatların aparılması da ölkəmizin uğurlu inkişafını
şərtləndirmişdir.
Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası
münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda
keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar
Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük,
multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat
tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın
bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında
bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən
biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət
quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş
və dinamik inkişafa imkan vermişdir.
Son on il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə
güclənmişdir, genişləndirilmişdir. Azərbaycan son on il ərzində 39
ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə
çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və
beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə
çatmışdır. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz
prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Biz on ildə bir
neçə mötəbər beynəlxalq təşkilatın üzvü olmuşuq və bu təşkilatlarda
öz maraqlarımızı müdafiə edirik.
Eyni zamanda, ikitərəfli formatda aparılan xarici siyasət uğurlu
olmuşdur. Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial
mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır.
Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Nəzərə alsaq ki, bizə
qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını
qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim
kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ
deyildi.
Ancaq bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici
siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar
düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT
Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu,
bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın
böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında
sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial
mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan
hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik.
Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim
iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın
iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də
bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız
olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır.
Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki,
bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi
Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və
əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə
məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20
ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir.
Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan
diplomatik səylərimiz uğur gətirə bilməzdi.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz
hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət,
tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan
Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın
ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir
güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində
ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək,
icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək
istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına
söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün
atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar
təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir. Son 10 il
ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən
qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və
digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə
səylərimiz davam etdiriləcəkdir. Çünki bir halda, bilavasitə bu
qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz
hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və
sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin
mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin
mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi
bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi
bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da
siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da
Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və
regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük
təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı
diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki
haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə
etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o
qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm
iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il
ərzində böyük templərlə aparılmışdır.
Hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Azərbaycan Ordusu bu gün
dünya miqyasında güclü ordular sırasındadır. Son on il ərzində
alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan
arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz
dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində
əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu
gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı
məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri
yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı
azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu
istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da
gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid
edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin
həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə
qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək
istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və
prinsipləri üzərində öz həllini tapmalıdır.
Daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda
bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir. İqtisadi
inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf
edən ikinci ölkə olmamışdır. Əminəm ki, son on il ərzində əldə
edilmiş nailiyyətlərimiz beynəlxalq ekspertlər tərəfindən ciddi
şəkildə təhlil ediləcəkdir. On ildə Azərbaycan iqtisadiyyatı 3,4
dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili
sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu
artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir.
Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri
açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi
ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır.
İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə
etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan
götürək. İki regional beşillik proqram icra edilmişdir. Bölgələr
abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional
proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq
azaldı.
Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə
qoyulmuşdur və bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Bu,
bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün
cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da
artır. Əlbəttə ki, yerli investisiyaların strukturunda daxili
sərmayə üstünlük təşkil edir. Ancaq yerli özəl sektor da bu işlərə
fəal qoşulubdur. Azərbaycanda gözəl investisiya iqlimi vardır.
Azərbaycanda çox uğurlu iqtisadi inkişaf müşahidə olunur.
Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz gözəl nəticələrə
gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən
10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki,
iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda,
Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü
iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə
olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu
pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük.
Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial
siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait
ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2
dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük
vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700
məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmişdir,
tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət
bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə
uğurlar əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici
dövlət borcumuz çox aşağı səviyyədədir – təxminən ümumi daxili
məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı
göstəricilərdən biridir.
Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilibdir
və növbəti illərdə investisiya qoyuluşu davam edəcəkdir. Biz son on
il ərzində valyuta ehtiyatlarımızı bir neçə dəfə artıra bilmişik.
Baxmayaraq ki, biz, eyni zamanda, böyük infrastruktur layihələrinə
Dövlət Neft Fondundan vəsait götürürük, hazırda Azərbaycanın
valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Bu, onu göstərir
ki, iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Eyni zamanda,
bizim iqtisadi siyasətimiz güclü zəmin üzərində qurulub. Biz xarici
borcdan asılı deyilik. Baxmayaraq ki, bəlkə bu gün Azərbaycana borc
vermək üçün təşkilatlar növbəyə düzülürlər, buna ehtiyac yoxdur.
Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə
aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin.
İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni iş yerləri,
sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər
güclü olmasını göstərir.
Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına,
zəhmətinə güvənirik. Ona görə Azərbaycan dünya miqyasında hətta
böhranlı illərdə uğurla inkişaf etmişdir. Bəziləri xüsusilə əvvəlki
illərdə bizim uğurlarımızı neft amili ilə bağlamaq istəyirdilər.
Amma hazırda həyat və bizim nəticələr göstərir ki, əgər neft
amilinin əvvəllər rolu olubsa, indi bu rol o qədər də böyük
deyildir.
Əsas uğurlarımızın səbəbi düşünülmüş siyasətdədir. Burada müstəqil
xarici siyasət öz rolunu oynayır. Cəsarətli siyasətimiz
uğurlarımızı şərtləndirə bilib. Bütün beynəlxalq aparıcı qurumlar
iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi
qiymətləndirir və öz reytinqlərində yüksək yerlərə layiq görürlər.
Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu
rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb.
Bu, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların
nəticəsidir. Bu islahatlar davam etdiriləcəkdir. Azərbaycan dünya
iqtisadiyyatının bir parçasıdır, eyni zamanda, biz öz daxili
bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha
da əlverişli şərait yaradırıq və yaradacağıq.
Son on il ərzində sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar
atılmışdır. On ildə bir milyard manat dəyərində güzəştli kreditlər
verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna
yönəldilmişdir və iş yerlərinin açılması, yerli istehsalın
artırılması, idxaldan asılılığın azaldılması məqsədləri güdülürdü.
Belə olan halda sahibkarlığın inkişafının, orta təbəqənin
yaradılmasının, yoxsulluğun azaldılmasının - bütün bu məsələlərin
təməlində bizim düşünülmüş iqtisadi siyasətimiz və siyasi xəttimiz
dayanır.
Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapmışdır. Beləliklə,
ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm
ki, on il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam
etdiriləcəkdir. Son on il ərzində Azərbaycan bizim üçün yeni olan
sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik
dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə on il bundan əvvəl bu
barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu
reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün
iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa
bilər.
Bu gün bizim peykimiz - "Azərspace-1" artıq Azərbaycanı kosmik
dövlət kimi dünyada tanıtdırır. Kosmik sənayenin inkişafı sürətlə
gedəcəkdir. Dövlət əlbəttə ki, öz sözünü deyir və deyəcəkdir.
Burada dövlət vəsaiti əsas rol oynayır.
Enerji siyasətimizdə son 10 il ərzində tarixi hadisələr baş
vermişdir. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün tam
şəkildə reallaşıbdır. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər
irəli sürülübdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə
verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz
ehtiyatları dünya bazarları ilə birləşmişdir. Dəhliz yaradılmışdır
ki, bu dəhlizdən indi biz və qonşularımız istifadə edir. O dəhliz
ki, onun üzərində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı
Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə
götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər
və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu
gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə
kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji
təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu
bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və
müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin
tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada
bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə
düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur.
Son illər ərzində Azərbaycanda yeni qaz yataqları kəşf edilmişdir.
Bu yataqların kəşfi artıq Azərbaycanı dünya miqyasında böyük qaz
ölkəsi kimi təqdim edir. Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız
təxminən üç trilyon kubmetrə bərabərdir. Azərbaycan bu sahədə
bundan sonra ən azı 100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq,
ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.
Keçən il və bu il neft-qaz strategiyamızın reallaşması üçün də iki
önəmli hadisə baş vermişdir. Keçən il TANAP layihəsinə, bu il isə
Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Bunlar dünya
miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Bu
layihələrin təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün
Azərbaycan həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz və
ardıcıl siyasət, müstəqil siyasət bax, bu reallıqları yaradır. Bu
reallıqlar Azərbaycan dövlətinə və xalqına onilliklər bundan sonra
da xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi təmin edəcəkdir.
İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə
bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik,
dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə
ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə
çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə
verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır.
Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və
etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin
təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin
yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri
idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər
biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə
üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə
sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir
aksiomadır.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı
qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu
potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın
qorunması – bu amillər bizi problemlərdən qoruya bildi.
Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha
da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident
kimi bunu təmin edəcəyəm. Əlbəttə, bu gün neft strategiyasının
icrası nəticəsində beynəlxalq, regional əməkdaşlıq da yeni bir
formada özünü göstərməkdədir. Regional və beynəlxalq əməkdaşlıqda
Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da etibarlı
tərəfdaş kimi öz rolunu oynayacaqdır. Bir daha qeyd etmək istəyirəm
ki, bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslər əməkdaşlıq,
dostluq üzərində qurulubdur. Bir-birinin işinə qarışmamaq,
bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına
uyğundur, eyni zamanda, normal insani davranışa da uyğun olan
siyasətdir.
Son on il ərzində sənayenin inkişafı ilə bağlı önəmli hadisələr baş
vermişdir. Artıq ağır sənayenin inkişafı ilə bağlı böyük layihələr
icra edilmişdir. Növbəti illərdə əminəm ki, bu istiqamət prioritet
olacaqdır. Çünki Azərbaycanın uğurlu inkişafı, eyni zamanda,
demoqrafik göstəricilərdə də özünü büruzə verir. Bunu mən böyük
sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda son on il
ərzində əhali artmışdır. On il əvvəl əhalimiz 8,3 milyon idi.
Hazırda 9,4 milyondur. On ildə əhali bir milyon yüz min artmışdır.
Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaqdır. Demoqrafik
inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki
demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna
imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi
ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi
proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o
qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim
iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və
ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik
amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin
artımını daim üstələməlidir.
Son on il ərzində Azərbaycanda böyük enerji potensialı
yaradılmışdır. On dörd elektrik stansiyası yaradılmışdır ki, əgər o
stansiyalar tikilməsəydi, hazırda Azərbaycanda bu qədər müəssisə
fəaliyyət göstərə bilməzdi. Deyə bilərəm ki, bizim ümumi generasiya
gücümüz hazırda altı min meqavat səviyyəsindədir. Onun təxminən 45
faizi son on il ərzində yaradılmışdır. Bu gün Azərbaycan xarici
bazarlara elektrik enerjisini ixrac edir. On il bundan əvvəl idxal
edirdi. Bu gün biz təbii qazı ixrac edirik. On il bundan əvvəl
idxal edirdik və demək olar ki, böyük problemlər yaranmışdı. Yəni,
bu on il ərzində energetika sektorunda bütövlükdə böyük
nailiyyətlər əldə edilmişdir və əminəm ki, növbəti illərdə bu
müsbət meyillər davam edəcək, çünki bizim konkret proqramımız,
planlarımız vardır.
İqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan bu
proqramlar əminəm ki, icra ediləcəkdir. Mən növbəti beş il ərzində
ölkə qarşısında duran vəzifələrlə bağlı dəfələrlə ictimaiyyətə öz
fikirlərimi çatdırmışam. Bir daha qeyd etmək istəyirəm ki, növbəti
beş il ərzində biz ölkəmizin uğurlu inkişaf tempini saxlamalıyıq,
artırmalıyıq.
Əsas prioritet məsələ əlbəttə ki, ərazi bütövlüyümüzün bərpasıdır.
Bu, ən başlıca vəzifədir, bizim üçün ən ağrılı problemdir. Biz
hamımız çalışmalıyıq ki, növbəti illərdə bu məsələni beynəlxalq
hüququn ədalətli norma və prinsipləri üzərində həll edək.
İqtisadi gücümüz bizim tərəfimizdədir. Haqq-ədalət, tarixi həqiqət
bizim mövqeyimizi müdafiə edir. Bu gün Azərbaycan büdcəsi
Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə
çoxdur, əhali isə beş dəfə artıqdır. Biz növbəti beş il ərzində bu
münaqişənin həlli üçün öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
İlk növbədə, dövlət siyasəti aparılacaqdır. İctimai qurumlar da bu
işlərdə çox böyük fəallıq göstərirlər. Xocalı soyqırımını soyqırımı
kimi dünyada tanıtdırmaq üçün artıq gözəl imkanlar vardır. Bir neçə
ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu proses davam
etməlidir.
Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik,
edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan
da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək
templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün
əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir
ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə
etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində
etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur,
Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il
ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni
iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu
mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti
Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın
gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını
düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan
çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha
demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz
həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti
variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll
edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni
işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan
sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa
qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı
qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək
istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi
torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq.
Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim
cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla
yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək.
Digər prioritetlər haqqında bir neçə kəlmə demək istərdim. Xarici
siyasətimiz davam etdiriləcəkdir. Azərbaycan bundan sonra da
prinsipial mövqe nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda,
beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik.
Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da
ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı
hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın
sayı çoxalsın və bu məqsədlərə nail olmaq üçün iqtisadi amillərdən
də istifadə etməliyik. Bu gün dünyada xarici investorlar üçün
şərait yaradılır, onlar dəvət edilirlər və bir çox ölkələr
istəyirlər öz iqtisadi vəziyyətlərini xarici investisiyalar
hesabına yaxşılaşdırsınlar. Bizim isə iqtisadi siyasətimiz, əksinə,
xarici bazarlara investisiya qoymaqdan ibarətdir. Çünki biz
gələcəkdə daxili investisiyaları o qədər də artıra bilməyəcəyik.
İqtisadi qanunlar da buna imkan verməyəcəkdir. Ona görə iqtisadi
amildən istifadə edib dünyada daha çox dost qazanmaq xarici
siyasətlə bağlı prioritet məsələlərdən biridir.
İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır.
Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız
iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya
qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər
imkanlar vardır. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Bu
il qeyri-neft sektorumuz on faizdən çox artmışdır. Əgər biz hər il
qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o hədəfə
çatacağıq.
Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas
məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq Azərbaycan
iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da
möhkəmləndirəcək, neft amilindən asılılığını daha da azaldacaq və
iş yerlərinin açılmasına daha da yaxşı imkanlar yaradılacaqdır.
Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur.
Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ
ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun
azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin
yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial
infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna
böyük ehtiyac vardır.
Sənayeləşmə ilə bağlı bizim siyasətimiz əminəm ki, növbəti illərdə
daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Ağır sənayenin
inkişafı üçün gözəl imkanlar vardır. Artıq texnoparklar, sənaye
zonaları yaradılır. Dövlət əlbəttə ki, burada aparıcı rolunu ilkin
mərhələdə oynamalıdır, oynayacaqdır. Özəl sektor da bu işlərə
qoşulur. Azərbaycanda istehsal oluna biləcək bütün məhsullar
Azərbaycanda istehsal olunmalıdır.
Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il
ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir
çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti
5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz
Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret
təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır.
Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır.
Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün
daha da gözəl şərait yaradılacaqdır.
İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz
davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını
inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini
normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də
xüsusi diqqət göstərilməlidir. Məmur-vətəndaş münasibətləri sağlam
zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar,
insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar
tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə
ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini
tapmalıdır.
Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi
mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və
bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə
var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm
inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar
əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük
nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim əlbəttə ki,
elektron xidmətlərədir. "Elektron hökumət" layihəsi icra edilir,
elektron xidmətlərin sayı artmalıdır. "ASAN xidmət"in qısa müddət
ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır.
Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət
də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar
və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət
orqanlarına çatdırılmalıdır.
Enerji siyasətimizlə bağlı bizim növbəti illərdə çox böyük
planlarımız vardır. Mən qeyd etdim ki, "Əsrin kontraktı"nın
imzalanmasından sonra son 19 il ərzində Heydər Əliyev neft
strategiyası icra edilir. Son on il ərzində bu, daha çox qaz
amilində özünü göstəribdir. Növbəti beş il ərzində biz strateji
layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı
layihələrdir. Ancaq mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi,
Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP
layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur.
Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, bu
layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir.
Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın
çox gözəl münasibətləri vardır, işgüzar, bir-birinə hörmət əsasında
münasibətlər qurulubdur. Bu iki layihəni biz növbəti beş il ərzində
icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə
qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm
ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu
layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox
önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.
Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır.
Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin
istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, -
əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da
artacaqdır. Çəkimiz artdıqca, əlbəttə ki, imkanlarımız da
genişlənəcək və bundan sonra heç kimin ağlına gəlməyəcək ki,
hansısa məsələdə Azərbaycanı kənara qoyub öz problemlərini həll
etmək mümkün olsun. Heç kimin ağlına bundan sonra gəlməyəcək ki,
Azərbaycanı hansısa layihədən təcrid etmək mümkün olacaqdır. Bu gün
Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın
iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş
siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü
böyük nikbinliklə deyək.
Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on
ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön
planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim
siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz
müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün
Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini
tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz
qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün
hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir.
Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir.
Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad
göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi
artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir
siqnal verir.
Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin
üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu
uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman
biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri
bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və
Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt
müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan
sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək,
müstəqilliyimizi əbədi, dönməz edək.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!