Bakıda it festivalından maraqlı görüntülər (VİDEO)
20 Oktyabr 2013 12:50 (UTC+04:00)
Bakıda təşkil edilən "Beynəlxalq Köpək Festivalı"nda bir-birindən
maraqlı məqamlar yaşanıb.
ANS PRESS-in verdiyi xəbərə görə, br-birindən fərqli it cinsləri,
festival çərçivəsində təşkil edilən gözəllik yarışmasında dərəcə
almaq üçün yarışırdılar. İt sahiblərinin yarışdan əvvəl
heyvanlarına jele və spreydən istifadə etməklə bəzək vermələri,
tüklərinə fen çəkərək daramaları və lent taxmaları maraqlı
görüntülər yaradıb.
Sevimli baxışları ilə diqqətləri üzərlərinə çəkən kiçik itlərlə
yanaşı iti dişləri ilə ətrafda qorxu salan "Rottweiler" cins itləri
də müsabiqəni izləməyə gələn sakinlərin diqqətini cəlb edirdi.
Ailələri ilə birlikdə gələn uşaqların isə qəfəslərdə saxlanan
itlərin yanından uzun müddət ayrılmamaları da diqqəti cəlb
edirdi.
Mətbuata açıqlama verən it məşqçisi Yelena Aleksandrovna, əvvəllər
Belarus, Ukrayna və Polşada keçirilən it festivallarında iştirak
etdiyini, Bakıya isə ilk dəfə gəldiyini söyləyib. Müsabiqəyə
Rusiyanın Novosibirski şəhərindən qatıldığını bildirən Natali
Baranova, festivalın olduqca səviyyəli təşkil olduğunu, yarışmada
iştirak edən itlərin hər birinin dərəcəyə layiq olduğunu
bildirib.
Müsabiqədə yapon "Sibeu" cins iti ilə qatıldığını bildirən
Baranova, itinin Amerikadan gətirildiyini və Sibirin soyuq iqliminə
öyrədildiyini qeyd edib. Azərbaycan Kinoloji Dərnəyinin rəhbəri və
festivalın təşkilatçısı Zaur Ağabəyli, festifalda Rusiya,
Qazaxıstan və Ukrayna başda olmaqla Müstəqil Dövlətlər Birliyi
(MDB) ölkələrindən çoxlu sayda iştirakçının olduğunu bildirib.
Festivalda iştirak coğrafiyasının geniş olduğunu deyən Ağabəyli
qeyd edib ki, Portuqaliyadan Sibirə, Atlantik okeanından Sakit
okeana qədər olan böyük bir ərazini əhatə etdiyini vurğuladı.
Qeyd edək ki, festivalda 48 fərqli cinsdən 150-dən çox it iştirak
edir. Festival çərçivəsində hər cins itdən ən yaxşısı seçilib.
Sonuncu gün isə dərəcə alacaq itlər arasından seçilən itə "ilin ən
yaxşı iti" mükafatı verilib.