Daha bir məşhur aparıcı “Space” kanalını tərk etdi

21 Oktyabr 2013 11:22 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, "Space" tv-də qalmaqal davam edir. Artıq bir müddətdir ki, "Space" tv-də baş verən hadisələr gündəmdən düşmür. İş prosesində baş verən qalmaqallar nəticəsində az qala hər gün bir aparıcı "Space" tv-ni tərk edir. Bir müddət öncə kanalın "Hər səhər" verilişinin uzun illərdən bəri aparıcısı olan əməkdar artist Əkbər Əlizadə elə canlı yayımdaca kanalı tərk etmişdi. Buna səbəb aktyorun Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə baş verən mübahisəsi olmuşdu.

Kəmalə Xəlilovanın bu tv-də hegemonluğunun növbəti qurbanı isə deyəsən, aparıcı İdris Cəfərovdur. Belə ki, oktyabr ayının 12-si İdris Cəfərov "Space" tv-də 13 illik fəaliyyətinə son qoyaraq oranı səssiz-səmirsiz tərk edib. Cəfərov bu illər ərzində bir çox verilişlərin, o cümlədən "Çardaq", "Üç qat xəbər", "Music box", "Mən də varam", "Davam ya tamam", "Bazar" kimi məşhur verilişlərin aparıcısı, eləcə də "Space" radiosunda DJ idi. Özünün gözlənilməz gedişinin səbəbini aparıcı tezliklə video-müraciət halında təqdim edəcəyini bildirdi: "Bu həftənin Çərşənbə günü Youtube kanalında "İdris Space" adlı videoda mən son vaxtlar "Space" Tv-də baş verənləri bütün təfərrüatı ilə hər kəsə açıqlayacağam. Bu videonu mütləq izləyin. Mən "Space" Tv-ni ömürlük deyil, oraya yenidən qayıtmaq üçün tərk etmişəm!" – deyə, İdris qəzəbini də gizlətməyib.