ATƏT PA müşahidə missiyasının rəhbəri: “Dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm”

21 Oktyabr 2013 11:20 (UTC+04:00)

ATƏT PA-nın Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri, xanım Doris Barnet "Azadlıq" qəzetinin internet səhifəsində onun adından səsləndirilmiş fikirlərə münasibət bildirib.


Qeyd edək ki, 18 oktyabr 2013-cü il tarixində "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" başlıqlı məqalə yer alıb. Məqalədə Almaniyada yaşayan 20-dək azərbaycanlının Almaniya Bundestaqının deputatı, xanım Doris Barnetin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərargahı qarşısında keçirdiyi etiraz aksiyası barədə məlumat verilir. Etiraz aksiyasının ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D. Barnet tərəfindən seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verilmiş  bəyanatlarla əlaqədar keçirildiyi bildirilir və məqalədə etirazçılarla görüşmüş xanım D. Barnetin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunaraq təqdim olunması haqqında sitatlar verilir.

 

Məsələ ilə bağlı Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D. Barnetə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: "Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən nümayişçilərin Maynts şəhərindən gəlmiş sözçüsünə də bu haqda yazacağam".