Azərbaycan XİN müavini: “Avropa Birliyinin Azərbaycanı ümumi çərçivəyə salması doğru qərar deyildi”

21 Oktyabr 2013 13:45 (UTC+04:00)

Araz Əzimov: "Şərq tərəfdaşlığı" sammitində ən yüksək səviyyədə iştirak da, daha aşağı səviyyədə iştirak da mümkündür"

"Şərq tərəfdaşlığı" sammitində iştirak qərarı ən yüksək səviyyədə qəbul ediləcək. Ola bilər ki, iştirak ən yüksək səviyyədə olsun, eyni zamanda daha aşağı səviyyədə iştirak da mümkündür". Bu sözləri Azərbaycanın Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramının sammitinə dəvət olunması ilə bağlı suala cavabında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

 

Nazir müavini qeyd edib ki, proqram lap əvvəldən kifayət qədər yayğın coğrafi çərçivəyə malik olub: "Biz hesab edirik ki, Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır. Mənim fikrimcə, "Şərq tərəfdaşlığı" çox yayğın, rəsmi şəklə salınmamış coğrafi, siyasi və iqtisadi çərçivəyə malikdir. Sadəcə, keçmiş SSRİ-nin yerində yaranmış respublikalardan biri kimi seçilməyimiz doğru deyil. Bu ölkələr qrupunda müxtəlif imkan, resurs, start mövqeyi və məqsədlərə malik dövlətlər var. Ona görə də bizi hansısa ümumi çərçivəyə salmaq o qədər də doğru qərar deyildi".

 

A. Əzimov bildirib ki, Bakı AB-dən Azərbaycana bir tərəfdaş kimi daha əsaslı münasibət gözləyirdi. Belə əsaslı və uğurlu prosesə misal kimi o, enerji sahəsində strateji tərəfdaşlıq haqqında Azərbaycan və AB arasında imzalanmış Memorandumu göstərib: "Bir sahədə belə bir təcrübə var idisə, bu təcrübəni iqtisadiyyat, tranzit, nəqliyyat, mədəni-informasion məkan da daxil olmaqla, daha geniş sferaya yaymaq olardı. Azərbaycan öz müstəqilliyinin 20 ildən artıq bir dövründə heç vaxt düşünülməmiş addım atmayıb və yaxud hansısa ümumi siyasi dəb çərçivəsində hansısa fəaliyyət həyata keçirməyib. Biz hər zaman bu və ya digər addımın nəticəsində konkret hansı effekti alacağımızı düşünərək addım atmışıq".