Sabah Sumqayıtda “Karvan” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlərlə görüş keçiriləcək

21 Oktyabr 2013 13:48 (UTC+04:00)

Sumqayıtda "Karvan" Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar.

 

APA-nın məlumatına görə, ticarət mərkəzinin 50-60 nəfər işçisi onlara dəyən ziyanın məbləğinin araşdırılması və kompensasiya məsələsini müzakirə etmək istəyirlər.

 

İcra Hakimiyyətindən zərərçəkənlərə bildirilib ki, ticarət mərkəzinin rəhbərliyi və İcra Hakimiyyətinin məsul şəxsləri sabah saat 15.00-da onlarla görüşərək məsləhətləşmələr aparacaqlar.

 

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, İcra Hakimiyyətinin qarşısına toplaşanlar artıq dağılışıblar.

 

Qeyd edək ki, oktyabrın 19-da saat 19:25-də Sumqayıt şəhərindəki "Karvan" ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər, ərazidəki şəxslər təhlükəsiz məsafəyə uzaqlaşdırılıblar.

 

Xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.