Azərbaycan sualtı qayıqlar icarəyə götürə bilər

22 Oktyabr 2013 08:35 (UTC+04:00)

Dünya ölkələri özlərinin hərbi potensialını genişləndirmək üçün mütəmadi yeni silah istehsalı və alışı ilə məşğuldur. Bir sıra ölkələr silah satışında aparıcı mövqe tuturlar ki, onlar arasında da liderlik ABŞ və Rusiyaya məxsusdur. Bəzi ölkələr öz silahlarını satmaqla yanaşı, həm də onu bəzən icarəyə də verir. Məsələn, bu yaxınlarda Hindistan artıq müvafiq müqaviləsi əsasında Rusiyadan ikinci atom sualtı qayığıın icarəyə götürməyə hazırlaşır. "Kommersant" qəzetinin yazdığına görə, müvafiq müqavilə yaxın tezlikdə imzalana bilər. İcarə müqaviləsinin keçərli olduğu müddətdə Hindistan həmin hərbi texnikadan öz məqsədləri naminə istifadə edə biləcək.

Ekspertlər ölkəmizin də analoji təcrübədən yararlanmasını mümkün sayırlar. Məlumdur ki, Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı özünün hərbi sənaye potensialını durmadan artırır. Bu məqsədlə bir sıra xarici ölkələrdən silah və hərbi sursatlar alınıb. Eyni zamanda Azərbaycanın özündə belə hərbi silahlar istehsal olunur. Amma ölkəmiz hələlik ağır hərbi texnikanı xaricdən alır. Bu müstəvidə Azərbaycan da bəzi ağır hərbi təyinatlı texnikanı, məsələn, elə sualtı qayıqları xaricdən icarəyə götürə bilər. Bununla bağlı olaraq ölkəmizin də NATO ölkələri, Rusiya və İsraillə anoloji müqavilələr bağlaması mümkündür. Görəsən bu barədə mütəxəssislər nə düşünür?

Hərbçi ekspert Üzeyir Cəfərov məsələnin ölkəmiz üçün də müsbət həll oluna biləcəyini düşünür. Amma bununla belə o vurğuladı ki, hərbi texnikanın icarəyə götürülməsinin müsbət amillərilə yanaşı mənfi cəhətləri də var: "Xaricdən hərbi texnikanı icarəyə götürməyin müsbət cəhətləri ilə yanaşı mənfi tərəfləri də var. Müsbət cəhətləri ondan ibarətdir ki, bir müddət icarəyə götürülən həmin texnikadan istifadə edib, sonradan yenidən geri qaytarmaq mümkündür. Başqa bir üştünlüyü də odur ki, milyon dollarla pul ödəyib hərbi təyyarə alıb saxlamaqdansa, hər hansı bir döyüş əməliyyatları, hərbi təlimlər öncəsi vəsait ayırıb hərbi texnikanı icarəyə götürmək daha məqsədəuyğundur. Mənfi cəhəti isə odur ki, onun alınması və isifadəsi zamanı ola bilsin hansısa problemlər yaransın və icarəçi sonradan ona görə ikiqat ödəmək məcburiyyətində qala bilər. Əslində, tərəflər arasında icarə müqaviləsində də istifadə edənin günahı olmadan baş verən hər hansı bir nasazlığa görə problemin həllinin satan tərəfin üzərində olduğu da göstərilir. Hindistanın Rusiyadan atom hərbi gəmisini icarəyə götürməsi maraqlı və yetərincə qənaətcil bir addımdır. Rusiyanın iri və kiçik həcmli sualtı qayıqları onsuz da kifayət qədərdir. Amma təcrübədən də görürük ki, atom hərbi gəmilərinin illərlə döyüş növbəsi çəkməklə saxlanmasına böyük həcmdə vəsaitlər xərclənir. Bu fonda onların icarəyə verilməsi istər-istəməz daha uğurlu variantdır. Belədə xərclənən vəsaitin müəyyən hissəsini yenidən büdcəyə qaytarmaq mümkün olur".

Digər hərbçi ekspert Emin Həsənli məsələyə gələcəkdə baxmağı mümkün saydı: "Azərbaycan hazırda da müasir silah və texnologiyası olan ölkələrdən silah və hərbi sursat almaqda davam edir. Təbii ki, ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqilliyinin qorunması üçün güclü orduya ehtiyacı var. Bunu dəfələrlə çıxışlarında cənab Prezident də bəyan edib. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi də fəaliyyət göstərir. Daim müdafiə potensialımızı artırırıq. 750-dən artıq silah növünü istehsal edirik. Bu istiqamətdə gələcəkdə daha geniş addımlar da atılacaq. Hətta ağır hərbi texnika istehsalına da başlaya bilərik. Bunun üçün ölkəmizdə lazımi əsaslar da mövcuddur və bu proses daha da genişlənir. Dünyanın silah istehsalı ilə məşğul olan dövlətləri qazanc əldə etmək üçün onları satmaqla yanaşı, komplektləşdirərək icarəyə də verirlər. Amma Azərbaycan dövləti öz ərazisinin qorumaq üçün hazırda bütüm sahələr üzrə lazımi silahlar əldə edib. Bunu keçirilən hərbi paradlarda da əyani şəkildə gördük. İstər 2008, 2010, istərsə də 2013-cü ildə təşkil olunan hərbi paradlarda ən müasir hərbi texnikanın olduğunu müşahidə etdik. Ən müasir radar sistemləri, hava hücumundan müdafiə sistemlərinin, S-300-dən tutmuş T-90 tankına qədər müasir texnikaların nümayişi oldu. Gələcəkdə yeni silahların istehsalı fonunda ölkəmiz də çalışacaq ki, həmin silahları əldə etməklə yanaşı, özü də daim müasir silah istehsal etsin. Ağır hərbi texnikanın icarəyə götürülməsi məsələsinə gəldikdə, gələcəkdə həmin məsələyə baxa bilərik. Bunun üçün silahın alınıb istifadəsi və yaxud icarəsinin daha sərfəli olduğu araşdırılmalıdır. Həmin silahların təyinatı və Azərbaycan üçün əhəmiyyəti məsələsi fonunda icarə məsələsinə də baxmaq olar".