Milli Məclisin bu günki iclasında 31 məsələyə baxılacaq

22 Oktyabr 2013 11:53 (UTC+04:00)

İclasda bir sıra qanunlara əlavələr və dəyişikliklər olunacaq

Azərbaycan  Milli Məclisin bu gün keçiriləcək növbəti iclasının gündəliyinə ümumilikdə 31 məsələ daxil edilib. Movqe.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, müzakirə olunacaq qanun layihələri və qərarlar içərisində Bakı Apellyasiya Məhkəməsinin hakiminin təyin edilməsi, Bakı, Gəncə və Şirvan Apelyasiya məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin, Azərbaycan və Gürcüstan hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması, azaldılması sahəsində əməkdaşlığa dair sazişin, Azərbaycan hökuməti və Avropa İnvestisiya Bankı (AİB) arasında AİB-in Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən çərçivə sazişin təsdiq olunması və s. sənədlər var.


Bundan başqa, iclasda Azərbaycan Respublikasının Vergi, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Dövlət rüsumu haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təbii inhisarlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlara bir sıra əlavələr və dəyişikliklər də olunacaq.