"Bəzən sevdiklərimi qayğımla yoruram"
Müğənni Xumar Qədimovanın müsahibəsi:
- Xumar xanım, bu gün gündəmdəsiniz. Hansı kanalı açsaq, oradasınız. Sevindirici bir haldır ki, sənətinizdəki yeniliklərlə gündəmdəsiniz, dedi-qodularınızla yox. Demək, gündəmə dedi-qodusuz da gəlmək olur?
- Sualınız çox ürəyimcə oldu. Bəli mən bu gün sənətimlə gündəmdəyəm. Gündəmə ara söz-söhbətləri ilə gəlməyin qəti əlehinəyəm. Bizim bəzi jurnalistlərimizdə günah çoxdur. İnsandan bir suala cavab alıb, başqa cür don geyindirirlər. Gündəmə qalmaqalla gəliməyə ehtiyacım yoxdur. Mən necə gözəl əsərlər ifa edirəm və edəcəyəm də. Elə əsərlər gəlir ki, onlar imkan verməz mən qalmaqal edim. Ümumiyyətlə, mən ziyalı ailənin övladıyam, mənə ara sözlərinə cavab vermək yaraşmaz. Nə qədər sənətdəyəm, öldüyüm günə kimi qalmaqaldan uzaq olacağam. Çünki, sənətim ona imkan verməyəcək. Qalmaqalla yada qalacağamsa, heç ondan zövq almaram. Mənim rəhmətlik atam deyərdi ki, müğənni oxuyanda demədilərsə "köpək qızı gör necə oxuyur", ondan müğənni olmaz. Hətta bu yaxınlarda bir rəfiqəm gəlib mənə dedi ki, Xumar sən efirdə oxuyanda bir qonşumuz baxıb deyir: "İt qızı oxuyur da, gör nə gözəl oxuyur". Bax mən onda sevinirəm ki, məni həqiqətən sevirlər.
- Xumar xanım bir müsahibənizdə
demisiniz ki, solo konsert verənləri anlamıram... Niyə?
- Mən heç elə söz deyərəm? Bu nə sözdür
axı? Ayıb deyilmi? Demişəmsə gətirsin səs yazısını, sübut eləsin.
Ümumiyyətlə, o nə qədər savadsız və ucuz ifadədir. Mənə sual
verdilər ki, nə vaxt solo konsert verəcəksiniz? Nəğmə oxuya-oxuya
əlimi belə uzatdımki, bu solo konsert deyilmi? Hər gün yeni
nəğmələrlə hüzurunuzdayam. Hətta söylədim ki, mən nəğmələrimi
obrazla çatdırıram. Hər nəğməm bir obrazdır. Yaxınlarda "Sevgi
harayı" oxudum. İndi yeni bir ifam olacaq. Sona Vəliyevanın
sözlərinə yazılan "Əl-ələ tutub, gedək" mahnısı. Möhtəşəm, böyük
proyekt üzərində çalışırıq. Heç deməmişəm, ancaq belə deyə bilərəm
ki, mən solo konsert versəm, bir gün verərəm. Bu şeydə bir az
eqoistəm. Ola bilər ki, səsi olmayan müğənni haqqında demişəm,
istəyir səsi olmayan on gün konsert versin, ən möhtəşəm saraylarda
fanaqram oxusun, önəmi yoxdur, mənası yoxdur. Yoxsa "konsert
verənləri anlamıram, mənə çatmır" ifadəsini heç vaxt işlətmərəm.
Mən əsla belə söz demərəm. Konsert verəndə məqsədin olmalıdır. Əgər
tamaşaçı o konsertdən çıxıb bir neçə gün gecənin təsiri altında
qalıb həzz almırsa, niyə verirsən o konserti? Mən ilk solo
konsertimi Türkiyədə vermişəm, mükafatımı da orada almışam. İndi o
qədər gözəl nəğmələrim yaranıb ki, heç konsertə ehtiyac duymuram,
ağlıma da gəlmir. Xahiş edirəm Xumarla Xumarın dilində danışın, öz
dilinizdə yox. Vallah mən bəzi insanlara jurnalist adını
qısqanıram.
- Bir də tez-tez işlədirsiz ki,
özünüzdən başqa heç kimə qulaq asmırsız...
- Niyə, Zəki Mürəni, Qara Böcəyi və
başqalarını dinləyirəm. Mən zövqlü musiqiyə qulaq asıram. Mənim öz
zövqüm var. Fars musiqilərini dinləyib zövq alıram. Mən zövqümün
seçimini edirəm.
- İndi əl çatmaz müğənni qalmayıb
deyirlər. İstədiyin sənətçini şou proqramlarda və toyda görmək
olur. Sizcə belə olmalıdır?
- Mən o müğənnilərdən deyiləm. Toya
gedirəmsə də seçim edib, səviyyəmi qoruyan toya gedirəm. Pula görə
toya getmirəm. Baxır kimin üçün kim hansı zirvədədir.
- Dediniz ki, toya gedirsiniz.
Toyda hər mahnını oxuyursunuz?
-Yox mənim öz repertuarım var. Mənim
getdiyim toylar konsert səviyyəsində olur. Toyda öz repertuarımdan
və gözəl xalq mahnılarından, eləcə də Niyaməddin Musayevdən
oxuyuram. Fikrinizdə tutuğunuz mahnıların sözlərini də bilmirəm,
bir gedib toyda da oxuyum. Mən o mahnıların sözlərinə dilimi
qısqanaram. Heyfim gələr dilimə ki, o mahnının sözlərini dilimə
alım. Mənim o qədər gözəl nəğmələrim var ki, insanlar onu ifamda
eşitməkdən xüsusi zövq alırlar. Elə mahnılar var ki, mən onu
qətiyyən oxumaram. Mən toylarda da sənət göstərirəm. Ye-iç oyna,
yox.
- Deyirlər ki, ərindən küsən,
evdən qaçan gəlir müğənni olur. Niyə belədir?
- Tək müğənnilik deyil ki, bütün sənətlərdə var belə adamlar. Tək
müğənniləri qaralamaq olmaz.
- Sizə nazlı-qəmzəli Xumar
deyirlər. Efirdə beləsiniz, yoxsa ümumiyyətlə nazlı
xanımsınız?
- Mən birsifətli insanam. Adımla bağlıdır yəqin nazım, qəmzəm.
Məndə nə varsa, ürəkdən gəlir. Oynamağım yoxdur. İstəsəm də oynaya
bilmərəm.
- Liderlik etmək
arzusundasınız?
- Belə görünürəm. Çoxları mənə belə deyir.
Çalışıram danışıb güləndə ağzımdan gülab axsın, tökülsün. Hər şey
gözəl olur öz yerini biləndə. Mən həmişə öz səviyyəmi qorumaqla
belə imic yaratmışam. Əmr də edə bilərəm, xahiş də edə bilərəm,
lazım gəlsə yalvararam da. O da səviyyəli olmalıdır. Hər şey
xasiyyətimdən doğan bir haldır. Əsas odur ki, mənə mənfilik
gətirəsi bir hadisə olmasın.
- Həyatınızda bir ömür iz qoyub
gedən biri var?
- Hətta bir saat bundan əvvəlki zaman da ömrümüzdə öz izini qoyur.
Əlbəttə belə insanlar çox olmasa da var. Mənim üçün keçmiş daim
yaşayır. İstəsəm də, keçmişimdən ayrıla bilmirəm.
- Təbiətən narahat insansınız.
Nədir və kimdir sizi narahat edən?
- Xasiyyətim, xarakterim. Hətta anama bir gündə o qədər zəng edib,
necəsiniz soruşuram ki, anam hirslənib deyir: "Xumar bu neçənci
necəsinizdir?" Onda da xətrimə dəyir, küsürəm. Nə edim mən də belə
insanam. Bəzən təbiətim, özüm də bilmədən başqalarını narahat edir.
O mənim diqqətimdən, sevgimdən doğur. Vicdanlıyam çox. Etiraflarım
səmimidir. Bəzən sevdiklərimi qayğımla yoruram.
- Bəs sizə niyə eqoist
deyirlər?
- Mənim eqoistliyim öz xeyrinə başqasını
ayaq altına almaq deyil, özümü mənfiliklərdən qorumaq üçündür. Mən
insanları çox düşünürəm. Biraz da kövrəyəm. İnsanları qorumağı
sevirəm. Xüsusi ilə sevdiklərimi paylaşa bilmirəm.
- "Həyatımda çox kişi olmayıb,
olan da kasıb ola bilməz" demisiniz. Kasıbı sevə
bilməzsinizmi?
- Ola bilər, amma çox sürən sevgi ola
bilməz. Əgər mən ev qadını olsaydım, bəlkə də ola bilərdi. Ancaq
mən populyar biriyəm, baxımlıyam. Bunun üçün də maddiyyat vacib
şərtdir. Mənim hər addımım puldur. Əgər mənə qulluq edə bilməzsə, o
kişi ilə alınmaz. Özümə layiq olmalıdır.
- Deyirsiniz ki, insan bir neçə
dəfə sevə bilər?
- Bəli, fikrimdə qətiyəm. Özü də dəli kimi sevə bilər. Mən ondan
saxtakarlıq, oyun görsəm silərəm. Mən reallıqdan danışıram. Əgər
sevdiyim varsa, yanımda olmasa da, onu dəli kimi sevə bilərəm. Məni
sevən varlığı ilə məni düşünməlidir. Ancaq Xumar deməlidir.
- Sizi dediyiniz kimi sevən biri
var?
- Vallah, gözə gələcəm. Mən, ümumiyyətlə,
sevilən xanımam. Hələ ki, sevənim çoxdur. Maşallah, maşallah.
- Payız gəlir, qarderobunuza
əlavələr etmisiniz?
- Mən burda da seçilirəm. Mənim elə
geyimlərim var ki, hələ etiketini çıxartmamışam. Birdə ki, "mən bir
geyindiyimi bir də geyinmirəm" ifadəsini sevmirəm. Əgər sevib,
bəyənib almışamsa dəfələrlə geyinirəm, atmıram. Mən təsadüfən dəblə
geyinirəm. Əslində, dəb dalınca qaçmıram. Mənim üçün tərz vacibdir.
Mən ucuz da, bahalı da geyinərəm. Bir söz deyim ucuz da geyinsəm,
çox bahalı görünür. Mən şarmlı xanımam. Mən saçımı soldan sağa
darayım o saat diqqətlər mənə yönəlir. Mən cazibədaram.
- Çox qısa geyinməyinizə səbəb
nədir?
- Həqiqətən elə çox qısa geyinirəm? Yəqin gözəl görünürəm deyə
üstünlük verirəm.
- Yaman arıqlamısız. Deyirlər
xanımlar aşıq olanda arıqlayır...
- (Gülür) Bir söz deyim nə aşiqəm, nədəki deyiləm. Halımdan
xəbərsizəm. Bir az hallıyam. Gün ərzində min cür hala düşürəm.
- Atv telekanalında qonaq olan zaman ailə
quracağınız haqqında xəbər yayıldı. Həqiqətdir?
- Mən ailə qura bilərəm dedim, hal-hazırda
qururam yox. Mənə sevgi məktubu gəlmişdi, o insanı uzaqlaşdırmaq
üçün o sözü dedim.
- Oğlunuza toy eləmək fikriniz yoxdur, deyəsən.
Səbəb?
- Heç mənim də toyum olmayıb, əsas toy
deyil. Mənim varım yoxum bir oğlum var. İstəyirəm bəxtəvər olsun.
Ürəyi istəyən tərzdə. Toy xoşbəxtlik deyil ki.
- Tez-tez yeni layihələr
edirsiniz. Yeni nəsə gözlənilir?
- Nələr
olacaq nələr, gözləyin, izləyin.(aznews.az)