Azərbaycan prezidenti Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

22 Oktyabr 2013 16:49 (UTC+04:00)

Azərbaycan prezidenti Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Movqe.Az-ın xəbərinə görə, səfir Şusuke Vatanabi Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycanla yaxından tanış olduğunu və ölkəmizdən xoş təəssüratla ayrıldığını deyib. Şusuke Vatanabi son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirib. Dövlət başçısı Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabiyə təşəkkür edib. Azərbaycanla Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd edib. Dövlət başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanla Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə edib.