Paytaxtın köçürülməsi reallaşa bilərmi?

22 Oktyabr 2013 16:56 (UTC+04:00)
"Azərbaycanın paytaxtının yaxın gələcəkdə başqa əraziyə köçürülməsindən söhbət gedə bilməz. Paytaxtı yerinin dəyişdirilməsinə nə strateji, nə də ki, digər səbəblərdən etiyac yoxdur".
Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyib. C. Qocayev bildirib ki, Bakı tarixi nöqteyi nəzərdən ən qədim şəhərlərdən biridir. Üstəlik  Azərbaycanın şöhrətini dünyaya yayan qara qızıl sərvəti də məhz Bakıda çıxır. C. Qocayev Bakının öz resurslarına görə hələ tükənmədiyini də söyləyib. Onun sözlərinə görə, Azərbaycan gənc dövlət olduğundan dünyaya paytaxtı Bakı kimi tanınıb. Digər tərəfdən isə iri layihələrin paytaxtda həyata keçirilməsi Bakının dünyada əzəmətini artırmaqdadır. Belə bir vaxtda paytaxtın başqa yerə köçürülməsi lüzümsuzdur.
Əməkdar memar Feyzulla Quliyev də Movqe.az-a açıqlamasında bildirib ki,  paytaxtın köçürülməsinin effektli bir dəyişiklik ola abilməz: "Dünyada paytaxtların köçürülməsi təcrübəsi göstərir ki, bu memarlıq və infrastrukturun formalaşdırılması baxımından elə də asan məsələ deyil. Bir də ki, Azərbaycanda buna ehtiyac duyulmur. Bakıda  hələki yer tükənməyib. Biz paytaxtın dəyişdirilməsini yox, Bakının bir qədər boşaldılmasını dəstəkləməliyik. Yəni Bakının mərkəzində tarixi əhəmiyyət kəsb etməyən ali təhsil ocaqlarının yeri dəyişdirilə bilər. Elə ali təhsil ocaqları və qurumlar var ki, onların yeri Bakının mərkəzindən bir qədər kənara köçürülməlidir. Beləliklə paytaxtın mərkəzini bir qədər boşaltmaq və tarixiliyini qorumaq olar. Amma paytaxtın köçürülməsinə ehtiyac yoxdur. Həmçinin də bu küllü-miqdarda vəsaitin boşa xərclənməsi ola bilər. Əgər gələcəkdə cənubi Azərbaycandakı torpaqlarımız qaytarılarsa paytaxtın Təbriz olması barədə düşünmək olar".