Su smart-kartlarını artıq "MilliÖn" köşklərində yükləmək mümkündür

22 Oktyabr 2013 21:00 (UTC+04:00)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması istiqamətində islahatları davam etdirir. Bu məqsədlə ön ödənişli smart-kart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb və indiyə qədər 160 mindən artıq sayğac istismara verilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən müddətdə smart-kartlara balans yüklənilməsi yalnız "Azərsu" ASC-nin müvafiq rayon idarələrində aparılırdısa, artıq şəhərin müxtəlif yerlərində (metro stansiyası, bank, market, kommunal xidmət təşkilatları və dövlət orqanları, təhsil və səhiyyə müəssisələri və digər obyektlərdə) quraşdırılmış "MilliÖn" köşklərində yüklənmə aparmaq mümkündür. "Azərsu" ASC-nin Azərbaycanda ödəmə xidmətləri sahəsində ixtisaslaşmış "Komtec LTD" şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatlarının ödəmə terminallarına inteqrasiyası tam başa çatdırılıb.

Ödənişlərin aparılması və smart-kartlara balansın yüklənməsi üçün "MilliÖn" ödəniş terminallarının ekranında kommunal xidmətlər hissəsində "Azərsu" bölməsini seçmək tələb olunur. Kart terminala daxil edildikdən sonra ekranda göstərilən ardıcıllıq üzrə əməliyyatlar həyata keçirilir. Müvafiq məbləğ terminala daxil edildikdə ödəmələr real zaman rejimində həyata keçirilir, məbləğ həmin an abunəçinin hesabına daxil edilir və smart-karta yüklənir. Abunəçilər yüklənmiş kartı mənzillərində quraşdırılmış sayğaclara daxil edib balanslarını artırırlar.

Qeyd edək ki, hazırda Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda işlək vəziyyətdə olan 900-dən artıq köşkün təqribən 50%-də su və kanalizasiya xidmətləri üzrə yükləmə aparmaq mümkündür. Növbəti mərhələdə respublikanın digər şəhər və rayon mərkəzlərindəki köşklər bu sistemə qoşulacaq.

"MilliÖn" köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilərin "Komtec LTD" şirkətinin 0010 nömrəli "Qaynar xətt" xidmətinə və "Azərsu" ASC-nin 955 Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.