Xocalı - tarixin qanlı səhifəsi Tarix bizə nə deyir
3 Aprel 2012 20:32 (UTC+04:00)
XX yüzildə Azərbaycan türklərinin tarixində xeyli sevincli, şərəfli
günlər olub. Belə qürur doğuran günlərə, illərə misal olaraq Yaxın
və Orta Şərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız
tərəfindən yaradılmış Azərbaycan Cümhuriyyətinin mövcud olduğu
(1918-1920), Sovet işğal rejimindən qurtulduğu (1991) və s. kimi
illəri göstərmək olar. Tariximizdəki belə sevincli günlər təsadüfən
olmayıb, kimsənin hədiyyəsi deyildi. O, illərlə aparılan əzablı,
çətin milli mübarizənin nəticəsində yaranmışdı. XX yüzildə milli
haqları uğrunda mübarizə aparan xalqımız sevincli günlərlə bərabər,
bir çox faciələrlə də üzləşmişdir. Xalqımızın qarşılaşdığı belə
faciələrdən biri də 1992-ci ilin fevralında baş vermiş Xocalı
qırğınıdır. "Xocalı faciəsi təsadüfi hadisə deyildi. Dəhşətli
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə
əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi
ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən
məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və
dəyanət nümayiş etdirdi"
Yaxın keçmişə qısa səyahət
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı
Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı
şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş
soyqırım dünyada rast gəlinən nadir vəhşiliklərin nümunəsidir. Bu
faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli
hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı
Qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin
köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın
25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə
tutulub. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı
tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500
nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk
edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib,
qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı
qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə
yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən
gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin düşüb. Dövlətin və əhalinin
əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl
dəyərində ziyan vurulub.
Faciəyə kimlər hansı qiyməti verdi
O vaxtlar bu faciənin təsirini dərindən anlayan Heydər Əliyev,
"Xalqımızın igid və qəhrəman övladları torpaqlarımızın müdafiəsi
uğrunda vuruşub şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı
faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən
bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə olan
sədaqətinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın vəhşi
millətçi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır,
vəhşiliyin görünməyən bir təzahürüdür." Deyərək fikirlərini
bölüşüb.
Bu soyqırımın dəhşətlərini yaşayan şahidlərin dedikləri, sözün əsl
mənasında, düşməndə insanlıqdan əsər-əlamət qalmadığını sübut edir:
"Xankəndindəki beşmərtəbəli evin zirzəmisində saxlanarkən mənim
yanımda sərxoş ermənilər təxminən 15 - 16 yaşında bir oğlanın
qolunu kəsdilər sonra isə bıçaqla öldürdülər. Bir qadının qarnını
kəsib diri pişik saldıqlarını gördüm."
Əsrin ən böyük faciəsi xarici medianın da gözündən yayınmadı.
Dünyanın ən tanınmış kütləvi informasiya vasitələri olaya lazımi
qiymət verdi. Dünya ictimaiyyəti bir daha anladı ki, hələ də
insanlıqdan xəbəri olmayan vəhşi xalqlar mövcuddur.
"Krua l"Eveneman" jurnalı (Paris), 25 fevral 1992-ci il tarixli
buraxılışında yazır: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün
dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar
çoxlu sayda ölənlər barədə xəbər verirlər". İngiltərənin "Sunday
Tayms" qəzeti isə 1 mart 1992-ci ildəki nömrəsində faciənin
dəhşətlərini belə anladır: "Erməni əsgərləri minlərlə ailəni məhv
etmişlər".
Londonda nəşr edilən "Faynenşl Tayms" qəzeti isə 9 mart 1992-ci il
buraxılışında yazır: "Ermənilər Ağdama tərəf gedən dəstəni
güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar".
Livanlı kinooperator gördüyü dəhşətlərdən bir müddət özünə gələ
bilməyib. Ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam
göndərdiyini təsdiq edib.
"Times"ın 4 mart 1992-ci ildə çıxan buraxılışında yazılanlar
insanlarda qəzəb hissi oyatmaya bilməzdi: "Çoxları eybəcər hala
salınmışdır, körpə qızın ancaq başı qalıbdır."
Həmin tarixdə çıxan "İzvestiya", "Videokamera qulaqları kəsilmiş
uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir.
Kişilərin skalpları götürülmüşdür".
"Financial Times" qəzetinin 14 mart 1992-ci il sayında dərc olunub:
"General Polyakov bildirirdi ki, 366-cı alayın 103 nəfər erməni
hərbçisi Dağlıq Qarabağda qalıb."
"Le Mond" qəzeti, Paris, 14 mart 1992-ci il: "Ağdamda olan xarici
jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında
skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görüblər. Bu,
azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".
"İzvestiya", 13 mart 1992-ci il: Mayor Leonid Kravets: "Mən şəxsən
təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər
tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar
görünürdü".
"Valer aktuel" jurnalı, Paris, 14 mart 1992-ci il: "Bu "muxtar
regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla
birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir.
ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları
vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar
törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər".
R.Patrik, İngiltərənin "Fant man news" teleşirkətinin jurnalisti
(hadisə yerində olub): "Xocalıdakı vəhşiliklərə dünya
ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz."
Yuxarıda sadalanan bütün faktlar bizdən daha fərqli tarix yazmağı
tələb edir. Həmin tarixdə Xocalı faciəsinə beynəlxalq aləmda
soyqırım hadisəsi kimi siyasi, hüquqi qiymətin verilməsi, cinayət
törətmiş şəxslərin cəzalandırılması kimi hadisələr var. Beynəlxalq
hüquq və konvensiyalar bizim əsas istinad nöqtəmizdir.
Beynəlxalq aktlar nədən xəbər verir?
Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il
tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında"
Konvensiya ilə müəyyən olunmuşdur. Hər hansı milli, etnik, irqi,
yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən
aşağıdakı hərəkətlərdən ibarətdir:
- bu cür qrup üzvlərinin öldürülməsi;
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq
yetirilməsi;
- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki
məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;
- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin
görülməsi;
- uşaqların zorla bir insan qrupundan alınıb başqasına
verilməsi.
Xocalı soyqırımının səbəbkarları bu gün hələ cəzalandırılmasa da,
onunla bağlı bəzi məhkəmə işləri artıq mövcuddur. Həmin məhkəmə
çəkişmələrindən biri də jurnalist Eynulla Fətullayevin işi ilə
bağlıdır. Belə ki, redaktoru olduğu qəzetdə faciə ilə bağlı
reallığı əks etdirməyən jurnalist, ermənilərin Xocalı sakinlərinə
şəhəri tərk etmək üçün vaxt verdiyini yazıb. Bütün məhkəmə
çəkişmələrinin nəticəsi olaraq Avropa Məhkəməsi Eynulla Fətullayevə
bəraət verib. Əslində bu məsələyə iki mövqedən yanaşmaq olar. Biri
insan hüquq və azadlıqları, digəri isə Azərbaycanın dövlət
mənafeyi.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, Eynulla
Fətullayevin işi üzrə Avropa Məhkəməsinin qərarı jurnalistin
hüquqlarının bərpası baxımından doğru addımdır: "Avropa
məhkəməsinin qərarı ondan ibarətdir ki, ifadə azadlığını
məhdudlaşdırmaq üçün legitim hüquqi əsas olmalıdır. Məhz bu məhkəmə
də 10-cu maddənin pozulmasını əsas gətirərək, ölkə məhkəmələrinin
ittihamlarını ləğv edib".
Ekspertin fikrincə, bu məhkəmə qərarının gələcəkdə heç bir pozitiv
təsiri ola bilməz və qərar bu baxımdan ilk qərardı ki, Azərbaycanla
bağlı neqativ təəssürat yaradır: "Bu qərarın pozitiv təsirindən
danışmağa dəyməz. Qərarda belə göstərilir ki, azərbaycanlılar qaçıb
canını qurtara bilərdi, amma onların bilgisi olmadığından bunu
etməyiblər. Bu növ saçmalıqlar əlbəttə bizim ziyanımızadır. Amma
qərarın tam mahiyyəti başqa fikri təsdiqləyir."
Kimin nə deməsindən asılı olmayaraq bir fakt var! O, da Xocalı
faciəsinin hələ də dünyada tam qəbul etdirilməməsi və
səbəbkarlarının cəzalandırılmamasıdır.
Tural QABİLOĞLU