Bu gün narazı ADPU tələbələri rektorla görüşəcəklər

23 Oktyabr 2013 11:39 (UTC+04:00)

Geniş görüşdə imtahanların yazılı olmasına etiraz edən hər bir tələbənin şikayəti dinlənilərək müvafiq qərar qəbul ediləcək


Təhsil  Azərbaycan Dövlət Pedaqoji Universitetinin imtahan sistemi ilə bağlı narazı olan tələbələrlə rektor arasında bu gün geniş görüş olacaq. Bu haqda universitetdən məlumat verilib. Xəbərə görə, hər bir tələbənin şikayəti dinlənilərək müvafiq qərar qəbul ediləcək. İmtahanın test və ya yazılı formada olmasının elmi potensialı olan tələbə üçün heç bir fərqi olmadığını vurğulayan universitet rektoru bildirir ki, əsas məqsəd savadlı kadr hazrlamaqdır.


"Müəllimlər imtahanında gördük ki, burda müvəffəqiyyətlə qiymət alanlar, orada imtahandan keçə bilməyiblər. Bunun səbəbi əzbərçilikdir. Yəni, fikrimizdə tutduğumuz budur ki, əzbərçilikdən uşaqları azad edək".


İmtahanın yazılı və ya test formasında keçirilməsi savadlı tələbə üçün heç bir önəm daşımasa da, bəzi tələbələr yazılı imtahandan narazı olduqlarını qeyd edirlər.


Ekspert Hakim Qəmbərovun sözlərinə görə, ənənəvi imtahan sistemi yazılı formada olsa da, müasir təhsil metodunun şərtlərinə görə, imtahanda test üsulu daha şəffaf hesab olunur. "Yazılı imtahan bir baş tələbənin potensial imkanlarını üzə çıxartmağa yardım edir. O sistemi yazılıya nisbətən daha tez qavradıqlarına görə, test sisteminə üstünlük verirlər".


Əslində isə istənilən tələbə üçün imtahanın hansı formada götürülməsinin fərqi olmamalıdır. Təhsil müddətində əldə etdiyi biliyi lazımınca qavrayan tələbə istər yazılı, istərsə də test üsulu ilə keçirilən imtahandan onsuz da uğur qazanacaq.