Qarabağ ətrafında təhlükəli vəziyyət

23 Oktyabr 2013 12:03 (UTC+04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılmır: "Sadəcə olaraq ayrı-ayrı görüşlər keçirilir". A. Əzimov deyib ki, müzakirələr aparmaq üçün Azərbaycan qarşı tərəfdən hazırlıq mərhələsini görməlidir: "Biz qarşı tərəfdən hələ bu cür hazırlıq müşahidə etmirik. Görüşlər nəzərdə tutula bilər. Dəfələrlə bildirmişik ki, sadəcə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş müşahidə edilsə, Azərbaycan bu cür görüşdən qaçmaz. Amma gördüyümüz kimi, hələlik irəliləyiş yoxdur. Qarşı tərəfin müsbət addım atacağına ümidvarıq".
Bütün bunlar bir daha göstərir ki, Dağlıq Qarabağ ətrafında danışıqlarda hər hansı bir cüzi də olsa irəliləyiş gözə dəymir. Ermənistan hakimiyyətinin yeritdiyi qeyri-konstruktiv mövqe üzündən münəqişənin həlli yolunda pozitiv nüanslar müşahidə edilmir. Əksinə, İrəvan və onun himayədarı olan bəzi dövlətlər hər vəchlə çalışır ki, problem mövcud status-kvo vəziyyətində saxlanılsın. Bir sözlə konflikt ətrafında nə sülh, nə də hərb fonunda dondurulmuş vəziyyət hökm sürür. Görəsən bu vəziyyət mövcud duruma nə vəd edir? Belə olan halda problemin çözülməsinin başqa istiqamətlərə yönəldilməsi ehtimalı nə dərəcədə realdır?
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev Ermənistanın konstruktiv mövqeyə gəlməsinin vacib olduğunu bildirir. Həmsöhbətimizin fikrincə, əks təqdirdə mövcud durum Ermənistan üçün daha ağır nətəcələrə səbəb olacaq: "Xarici işlər nazirinin müavini Araz Əzimov Qarabağ ətrafında mövcud vəziyyəti şərh edib. O, dəqiq şəkildə ifadə edib ki, görüş xatirinə görüş keçirməyin mənası yoxdur. Amma Azərbaycan tərəfi müzakirəyə açıqdır. Azərbaycan tərəfi həmişə istənilən konstruktiv yanaşmaya açıq olduğunu göstərib. Hansısa kiçik proses baş verirsə, gedib Ermənistanın mövqeyinə dirənir. Bu mövqe də konstruktivizmdən tamamilə uzaqdır. Araz Əzimovun müsahibəsi göstərir ki, Azərbaycan mövqeyində həmişə malik olduğu qətiyyəti saxlayıb. Amma bununla bərabər hesab edir ki, məsələ belə də qala bilməz. Müzakirə olunub hansısa çıxış yolu tapılmalıdır. Vasitəçilər də gəlib Azərbaycan tərəfilə danışır, sonra da gedib ermənilərlə danışıq aparırlar. Ona görə də burada məsələ yenə gedib dirənir Ermənistanın tutduğu mövqeyə. Ermənistandan isə yaxşı siqnallar gəlmir. Erməni parlamentinin Xarici əlaqələr komitəsi separatçı qurumun tanınması barədə qanun layihəsinə müsbət rəy verməyib. Amma onu gündəliyə salmağa müvvəffəq olublar. Bu mesajdır. Ermənilər öz mövqelərində dayanaraq Azərbaycana təzyiq etməyə, bu kartdan yararlanmağa çalışır. Azərbaycanın isə ona reaksiyası birmənalı və qətidir. Ermənilər son iki ildə üzdəniraq separatçı qurumu dünyada tanındırmaq üçün əlləşsələr də bunun bir nəticəsi olmadı. Onlara yaxşı aydındır ki, bu, onlara heç nə verməyəcək. Çünki,ermənilər özü-özlərinin sahibləri deyil. Belə bir vəziyyətdə Azərbaycan tərəfi hansı məsələlərə görə görüşlərə razılıq verməlidir və yaxud bu halda hansısa görüşün keçirilməsinə dair öz niyyətini açıqlamalıdır? Hesab edirəm ki, ermənilərin bütün bu çirkin planlarına qarşı ən düzgün qiyməti cənab Prezident and içmə mərasimində verib. Qoy onlar bunu analiz edib başa düşsün ki, heç vaxt müvəffəq ola bilməyəcəkləri əməllərə başlamasalar yaxşıdır. Çünki onun perspektivi olmayacaq. Həmsədrlərin müəyyən çalışmaları fonunda nizamlanmanın hansısa prosesə gətirəcəyinə gəldikdə hələlik buna inanmıram. Mövcud vəziyyətin İrəvan üçün fəlakətli olduğu barədə Ermənistanın özündə artıq fikirlər səslənməkdədir. Konstruktiv mövqeyə gəlməsələr, bu vəziyyətin onlar üçün ağırlaşması tendensiyası daha da dərinləşəcək".
Politoloq Elşən Manafov isə qeyd etdi ki, münaqişənin tənzimlənməsini BMT-yə həvalə etmək daha yaxşı olardı: "Azərbaycan tərəfi yüksək səviyyələrdə dəfələrlə bəyan edib ki, Minsk qrupu ATƏT-in qarşıya qoyduğu məqsədlərin öhdəsindən təəssüf ki, hələ gələ bilmir. Hərçənd Minsk qrupu problemin çözülməsi üçün indiyə qədər müxtəlif layihələr təklif edib. Zamanında münaqişənin tənzimlənməsi məqsədilə paket və mərhələli variantlar olub. Nəhayət Madrid prinsipinin yeniləşmiş variantı da gündəmə gəldi. Amma Azərbaycanın bu məsələyə mövqeyi bəlli olduğu halda Ermənistan tərəfi yenə də qeyri-konstruktiv mövqe sərgilədi. Söhbət ondan gedir ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməli, yoxsa ümumiyyətlə ATƏT-in vasitəçiliyindən təşəbbüsündən imtina etməliyik. Düşünürəm ki, hazırkı reallıqlar şəraitində yaxşı olar ki, Azərbaycan məsələnin müzakirəsini BMT-yə qaytarsın. BMT-nin bu məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə var. Azərbaycan hələ də münaqişənin məhz ATƏT çərçivəsində tənzimlənməsinə tərəfdardır. Amma bu halda da formatın dəyişdirilməsi istiqamətində müəyyən addımlar atıla bilər. Lakin bu da qeyri-ciddi görünür. Çünki bunun üçün hər iki münaqişə tərəfinin razılığı olmalıdır. Digər tərəfdən ATƏT-də qərarlar bir qayda olaraq konsensus yolu ilə qəbul edildiyindən birinin qərarı qəbul etməməsilə məsələ öz həllini tapmayacaq. Onda belə çıxır ki, Minsk qrupu danışıqları uzun-uzadı qeyri-müəyyən müddətə qədər apara bilər. Vaxt bütün hallarda Azərbaycanın maraqlarına işləyir. Azərbaycanın iqtisadi imkanları artdıqca, region və Qərb dövlətlərinin münaqişəyə cəlb olunmayacağı təqdirdə ölkəmiz problemi öz imkanı çərçivəsində bu gün də həll etmək iqtidarındadır. Amma görürük ki, bugünkü dünyada büynəlxalq hüquq deyil, beynəlxalq güclərin istəyi işləyir. Ona görə də problemin çözülməsi üçün neft diplomatiyasının ölkəmizə verdiyi imkandan yerindəcə və səmərəli istifadə etməyi bacarmlıyıq. Qərb Rusiyanın enerji təzyiqlərindən Azərbaycan enerjisi vasitəsilə xilas olmaq istəyirsə, onda ölkəmizin də haqlı tələblərinə göz yummamalıdır. Bu münaqişənin Minsk qrupu çərçivəsində həllinin heç bir perspektivini görmürəm. Ora görə də münaqişənin tənzəmlənməsini tamamilə başqa istiqamətə, BMT-yə çıxartmalıyıq".