Liviya hökuməti NATO-dan kömək istəyib

23 Oktyabr 2013 12:29 (UTC+04:00)

Alyans Liviyada təhlükəsizlik qüvvələrinə məsləhət verəcək

Dünya  Liviyada inqilabın ikinci il dönümünün qeyd edildiyi bir vaxtda, hökumət ölkə ordusunun, təhlükəsizlik qüvvələrinin və sərhəd-mühafizə xidmətinin yenidən qurulmasında NATO-dan kömək istəyib. Movqe.az-ın məlumatına görə, bu barədə Liviya hökumətinin nümayəndəsi Məhəmməd Yəhya Kaebar paytaxt Tripolidə keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, inqilabdan sonra ölkənin əvvəlkindən də çox anarxiya içində olması buna ehtiyac yaradıb.


"Liviya NATO-dan ölkədə bəzi texniki aspektlərdə kömək və məsləhət istəyib və bu təklif qəbul edilib. Bu proses məhdud sayda NATO məsləhətçiləri və texniki dəstək heyətinin Liviyaya göndərilməsi ilə həyata keçiriləcək. Məqsəd Liviya ordusunu yenidən qurmaq və sərhəd-mühafizə xidməti ilə təhlükəsizlik qüvvələrinin işinin effektivliyini artırmaqdır" - Liviya hökumətinin nümayəndəsi belə deyib.


NATO rəsmilərinin məlumatına görə, Liviya hökuməti NATO dəstəyini almaq üçün bu ilin mayında müraciət etmişdi və NATO-ya üzv 28 ölkənin nümayəndələri oktyabrın 21-də bu təklifi yekdilliklə qəbul edib. Lakin maksimum 10 nəfərdən ibarət olacaq NATO heyətinin Liviyada müvəqqəti bazası olmayacaq, onlar Belçikanın Brüssel şəhərindən idarə olunacaqlar.