Yeni müdafiə naziri: “Biz dağlarda müharibəyə hazırlaşırıq”
23 Oktyabr 2013 23:45 (UTC+04:00)
Daxili Qoşunların komandanı, general-polkovnik Zakir Həsənovun
müdafiə naziri postuna təyin edilməsi bu gün ən çox müzakirə olunan
mövzulardan biridir.
DİN sistemində nümunəvi qoşun bölmələri yaratmaq sahəsində müəyyən
uğurlar qazanmış Z.Həsənov ordu quruculuğu sahəsində nəyə nail
olacaq? O, hansı konsepsiyalara əsaslanır? Karyerasına sovet zabiti
kimi başlamış Z.Həsənov NATO-ya inteqrasiya tərəfdarıdır, yoxsa
üzünü daha çox Rusiyaya tərəf çevirib? Z.Həsənov peşəkar (müqavilə
əsaslı) ordunun yaradılmasının tərəfdarıdır, yoxsa Silahlı
Qüvvələrdə çağırış-səfərbərlik sisteminin qalmasında
maraqlıdır?
Biz bu suallara cavab tapmaq və yeni nazirin portretini yaratmaq
üçün onun müxtəlif KİV-lərə, o cümlədən Rusiyanın
"Военно-промышленный курьер" nəşrinə verdiyi müsahibədəki bəzi
fikirlərinə istinad etməyə lüzum gördük. Müdafiə naziri öz
baxışlarını həmin müsahibəsində daha müfəssəl şəkildə açıb.
Virtualaz.org saytı Z.Həsənovun həmin fikirlərini təqdim edir:
***
"Köhnə qaydalar və nizamnamə tələbləri bu gün bizə bəzi məsələlərdə
əngəllər yaradır. Ona görə də biz müasir döyüş qaydalarını
öyrədərkən, döyüş hazırlığını təşkil edərkən artıq NATO
standartlarına tələb verən sənədləri əldə rəhbər tutur, onlardan
bəhrələnirik. Bununla əlaqədar bəzi sənədlərə dəyişikliklər etmək
zərurəti yaranıb.
Silahlı Qüvvələrin bugünkü və gələcək quruculuğu prosesi məsələsi
bütün ölkələrdə yerli ictimaiyyəti həmişə maraqlandırır.
Ermənistanla müharibə vəziyyətində olmağımız bu məsələni
Azərbaycandan ötrü daha aktual problemə çevirib. İnsanlar bunu
anlamalıdırlar ki, NATO standartları Şimali Atlantika alyansına
daxil olan dövlətlərin Silahlı Qüvvələrinin heç də yekcins olmasını
nəzərdə tutmur. Məsələn, NATO-ya üzv ölkələrin dağ-piyada
briqadaları öz təşkilati-ştat quruluşuna və silahlanma
göstəricilərinə görə heç də eyni ola bilməz. Doğrudur, o da var ki,
birgə əməliyyatlar zamanı müxtəlif ölkələrin hərbi strukturlarının
fəaliyyətinin uzlaşdırılması da vacibdir. Fərdi Tərəfdaşlıq
Proqramında (PARP) iştirak edən Azərbaycan NATO-nun bəzi
standartlarına uyğun gəlməlidir. Lakin bu, o demək deyil ki, biz öz
Silahlı Qüvvələrimizin sərəncamındakı bütün silah və hərbi
texnikadan tamamilə imtina etməliyik.
Hərb elminin inkişafı bir neçə şərtin yerinə yetirilməsini nəzərdə
tutur. Onlardan birincisi və ən başlıcası budur ki, Silahlı
Qüvvələr onun qarşısına qoyulmuş vəzifəni sürətlə və mütləq şəkildə
yerinə yetirməlidir. Bu məqsədlə də son illər baş vermiş silahlı
münaqişələr, döyüş əməliyyatları tərəfimizdən öyrənilib təhlil
edilir. Beləliklə də uğurlu döyüş əməliyyatları təcrübə qazanmaq və
onun yerli döyüş şəraitində tətbiq etmək baxımından qiymətli
predmetə çevrilir. Bu səbəblərdən bizim İraqda, Əfqanıstanda,
Rusiyanın cənubunda aparılmış və aparılmaqda olan hərbi
əməliyyatları, onların bizim ölkəmizdəki yerli şəraitdə tətbiqi
yollarını, mümkünlüyünü ciddi şəkildə təhlil edib öyrənməyimiz çox
vacibdir.
Bir hərbçi kimi demək istəyirəm ki, biz müharibəyə, onun
aparılmasına hər an hazır olmalıyıq. Biz şəxsi heyəti dağlıq
şəraitdə, Dağlıq Qarabağın coğrafiyasına uyğun ərazidə hərbi
əməliyyatlar aparmağa gecə-gündüz öyrədirik.
Bizim idarənin təşkilati-ştat strukturu bu gün inkişaf etmiş
dövlətlərin müvafiq qurumlarının strukturlarına çox uyğundur. Biz
bu istiqamətdə Türkiyənin təcrübəsindən geniş istifadə edirik. Türk
jandarmeriysının zabitləri xidməti və döyüş hazırlığı zamanı bizə
həmişə yardım edirlər. Döyüş hazırlığı, buna nail olmaq üçün lazım
gələn normativ sənədlər bizdə Avropa, NATO standartları səviyyəsinə
gətirilib çatdırılıb. Bizim təlim və hazırlığımız hərbi
nöqteyi-nəzərdən NATO standartlarına tam uyğundur.
Silahlı Qüvvələrin peşəkar-müqaviləli xidmət sisteminə
keçirilməsinə gəlincə isə mən həmişə qarışıq sistemin tərəfdarı
olmuşam. Məncə, döyüş hazırlığını təmin edən, müasir silahlarla və
hərbi texnika ilə davranmaq sahəsində dərin hərbi bilik və bacarıq
tələb edən aparıcı vəzifələri müddətdən artıq xidmət edənlər,
gizirlər və zabitlər tutmalıdırlar. Lakin elə vəzifələr də var ki,
orada dərin hərbi bilik tələb olunmur. Bu vəzifələri müddətli
xidmət edən əsgərlər tutmalıdır.
Beləliklə, biz vətəndaşları daim orduya çağırmaqla və ordudan
təxris etməklə Silahlı Qüvvələr və digər hərbi strukturlar üçün
ehtiyat yaratmış oluruq. Bu da müharibə şəraitində olan bir dövlət
üçün çox vacibdir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, vətəndaşların orduya
daimi şəkildə çağırılması və təxris edilməsi xalqla ordu arasındakı
əlaqələri möhkəmləndirməyə xidmət edir. Bu möhkəm əlaqələr vətənin
müdafiəsi zamanı özünü müsbət cəhətdən göstərir, eləcə də
cəmiyyətin Silahlı Qüvvələrə nəzarətini gücləndirməyə yardım edir.
Mən Silahlı Qüvvələrin və digər hərbi strukturların istisnasız
olaraq yalnız peşəkar muzdlulardan yaradılmasının əleyhinəyəm.
Muzdlu üçün əsas məsələ maddi maraqdır. Bu da özlüyündə hər şeyi
deyir..."