Ermənistanda rus əsgərlərini qarət ediblər

23 Oktyabr 2013 23:02 (UTC+04:00)
Dünən günorta Ermənistanın Gümri şəhərində dislokasiya olunmuş Rusiya hərbi bazasının iki əsgərini qarət ediblər. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Nikita və Pavel adlı 19 yaşlı əsgərlər bununla bağlı polisə müraciət ediblər.

Onların dediyinə görə, şəhər mərkəzində taksiyə minərək Bulvar məhəlləsinə getmək istəyiblər. Taksi sürücüsü onları lazımi ünvana deyil, adamsız bir yerə aparıb. Orada onlara üç nəfər kişi yaxınlaşıb və onlardan biri bıçaqla əsgərləri təhdid edərək onların hər birindən 10 min rubl (320 dollar) pul alıb. Üstəlik əsgərlərin hər birinin qiyməti 83 min dram (200 dollar) və 80 min dram (195 dollar) olan mobil telefonlarını da alıblar.

Polisin apardığı əməliyyat nəticəsində cinayətin Andranik, David, Robert və Conik adlı ermənilər tərəfindən törədildiyi məlum olub. Andranik və Conik tutulub, qalan iki nəfər axtarılır.