Məktəb və uşaq bağçaları qışa hazırdırlarmı?

23 Noyabr 2011 19:59 (UTC+04:00)

263 saylı məktəb: "Özümüzün qazanxanamız var"
307 saylı məktəb: "İstiliyin güclü olmasından..."
67 saylı məktəb: "Problem yoxdur"
Cümşüd Nuriyev: "Kənarlarda bir qədər problemlər yaşanır"

Qışın gəlməsi orta məktəblərin də qayğısını birə-beş artırır. Bu zaman məktəbin istilik sistemilə təminatı məsələsi bütün çılpaqlığı ilə ortaya çıxır. Son illər təhsil ocaqlarının istiliklə təminatında bir sıra işlər görülüb. Bakının bəzi məktəb və uşaq bağçaları fərdi qaydada qazanxanalarla təmin olunub. Bu sistemə qoşulmayan sözügedən müəssisələr isə istilik sisteminə mərkəzləşdirilmiş qaydada qoşulub. Amma bunları əsasən şəhərin mərkəzindəki məktəblərə şamil etmək olar.

Verilən məlumatlara görə isə şəhərətrafı məktəblərdə vəziyyət elə də yaxşı deyil. Onlar mərkəzləşdirilmiş istilik sisteminə qoşulsalar da kənar ərazilərdəki məktəblərin istiliklə bağlı problemləri mövcuddur. İstiliyin lazımi səviyyədə olmaması üzündən bir çox məktəblərdə şagird və müəllimlər otaqda belə palto ilə oturmaq məcburiyyətində qalır. Yaranmış vəziyyətdən çıxış yolu kimi isə bəzi məktəb və bağçalarda valideynlərdən "pletka" pulu da yığılır. Bütün bunlar isə bir daha həm mənzilləri, həm də ictimai obyektləri istiliklə təmin etməli olan "Azəristiliktəchizat" ASC-nin heç də vəzifəsinin öhdəsindən uğurla gəlmədiyini göstərir. Məktəblərdəki istiliklə bağlı vəziyyəti öyrənmək üçün həm tədris müəssisələrinin özlərinin fikirləri, həm də ekspertlərin rəylərilə tanış olduq.

Xətaidə yerləşən 1250 şagirdin təhsil aldığı 263 saylı məktəbin direktoru Bayram Qasımov bu sahədə hər şeyin normal olduğunu söylədi: "İstilik sistemi tam şəkildə öz həllini tapıb. Özümüzün qazanxanamız var. Otaqlarda istilik normal dərəcədədir. Amma bəzi hallarda şagirdlər sinif otağında palto ilə oturur. Bu da onunla bağlıdır ki, pəncərələr köhnədir. 31 ilin məktəbidir. Bu ilin yazında əsaslı təmir gözlənilir. Pəncərələr dəyişdirilib plastik olanda istiliyin səviyyəsi daha yaxşı olacaq".

Sabunçu rayonundakı 307 saylı məktəbin direktoru İqbal Kərimovun da istiliklə təminatdan şikayəti yoxdur: "Özümüzün qazanxanası var, normal şəkildə yanır. İstiliyin güclü olmasından uşaqlar bir sıra hallarda pəncərələri də açır. Bu barədə problemimiz yoxdur. Məktəbin istiliklə təminatı 2007-ci ildən öz həllini tapmışdı".

67 saylı məktəb direktorunun müavini Azad Kələşov da istiliklə təminat barədə optimist danışdı: "Noyabrın 15-dən istilik sistemi işləyir. Məktəb normal şəkildə qızdırılır. Problem yoxdur. Özümüzün ayrıca qazanxanamız mövcuddur ki, 2007-ci ildən məktəb bu sistemlə qızdırılır".

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı da məktəb və bağçaların qışa tam hazır olduğunu diqqətə çatdırdı: "İki tədris ili bundan öncə Təhsil Nazirliyilə "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinin xəttilə Bakıda yerləşən bütün ümumtəhsil məktəblərinin istilik sistemləri tam olaraq yeniləşdirilib. Hal-hazırda Bakıda yerləşən məktəblərin demək olar ki, 50 faizində fərdi qazanxana mövcuddur. Yerdə qalan yarısı da mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunub. Bakının 153 məktəbinin fərdi qazanxanası var. 157 məktəb isə mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunub. Bağçalara gəldikdə, münasibət bir qədər fərqlidir. 275 bağça istiliklə mərkəzləşdirilmiş qaydada təmin olunur və cəmi 31 bağçada fərdi qazanxana sistemi işləyir. Noyabrın 15-də qış vaxtına rəsmi keçiddən sonra isə bütün məktəblərimizdə istiliklə bağlı heç bir problem yaranmayıb. Bəzi məktəblərdən ilk günlərdə bizə müraciətlər olunmuşdu ki, sistem işləmir, bu sahədə narahatlıq var. İndi həmin məktəblər də nəzarətdədir, işlər aparılır. Belə məktəblər şəhərin həm mərkəzi, həm də kənarında yerləşən məktəblərdir. Həmin məktəblərdə problem sırf texniki səbəblər üzündən yaranmışdı. İndisə artıq aradan qaldırılır. İstilik veriləndən sonra kimdəsə narahatlıq yaranmışdısa, onlar dərhal bizi məlumatlandırıb. Bizdə öz növbəmizdə müvafiq dövlət qurumlarını o məktəblərə göndərdik, indi onlar həmin yerlərdə bu işləri həyata keçirir. Lakin bunlar istilik sistemilə bağlı olaraq yaranan problemlər deyil, sadəcə texniki xarakterli narahatlıqlardır. Bağçalarla bağlı vəziyyət bir qədər fərqlidir. Onların böyük əksəriyyəti mərkəzləşdirilmiş qaydadadır. Az sayda bağça isə fərdi qazanxana quraşdırılıb. Onlar da son illər istifadəyə verilən uşaq bağçalarıdır. Amma onlarda da artıq istilik mövcuddur. Son illər istifadəyə verilən bağçaların demək olar hamısında kombi sistemi qurulub. Ona görə də zaman-zaman bağçalarda da fərdi qazanxanaların yaradılması istiqamətində işlər aparılacaq.

Bağçalarda da problem yoxdur. Hər halda Bakının təhsil müəssisələri qış mövsümünə tam hazırdır. Yeganə narahatlığımız mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunan müəssisələrlə bağlıdır. O da onunla bağlıdır ki, məktəbin yerləşdiyi ərazidə mavi yanacaqla əlaqədar hansısa bir problem yaranarsa, belə halda həmin qəsəbədə yerləşən məktəblərdə də istilik istiqamətində problem yaranacaq. Hər halda strateji məqsəd olaraq düşünürük ki, gələcəkdə hər bir təhsil müəssisəsinin fərdi qazanxanası olsa daha yaxşı olar".

Müstəqil ekspert Cümşüd Nuriyev isə bu fikirdədir ki, mərkəzdəki məktəblər istiliklə yaxşı təmin olunsa da bunu Bakının ətrafındakı təhsil müəssisələrinə aid etmək olmaz:

"Nəvəm Nərimanov rayonu ərazisindəki liseyə gedir. Hələlik burada istiliklə bağlı bir problem yoxdur. Çünki həmin məktəbin direktoru elmlər doktorudur. Amma digər məktəblərdən xəbərim yoxdur. Fikrimcə, Bakının mərkəzində vəziyyət yaxşıdır. Kənarlarda bir qədər, bildiyimə görə, problemlər yaşanır. Xüsusən də Bakının ətraf rayonları, məsələn, Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı məktəblərində problem onunla bağlıdır ki, paytaxt qışa hazır deyil. Dəfələrlə bu məsələnin qaldırılmasına baxmayaraq, problem həllini tapmır".

Rüfət NADİROĞLU