Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırdı

24 Oktyabr 2013 13:29 (UTC+04:00)

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov Avropa Parlamentinin prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri, Avropa Şurası Parlament Assambleyasının prezidenti, ATƏT Parlament Assambleyasının prezidenti, Avronest Parlament Assambleyasının həmprezidentləri, Prezidentlər Konfransı və Avropa Parlamentinin üzvlərinə müraciət edib.  


Müraciətdə deyilir ki, sentyabr ayının əvvəllərində Avropa Parlamenti Azərbaycana 9 oktyabr seçkisini müşahidə missiyası göndərməyə qərar verib, Yaşıllar Partiyası istisna olmaqla bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşıb: "Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinib və seçkinin nəticələrini gözləyib. Seçkinin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı prezident seçkisini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının qiymətləndirmə bəyanatından sitat gətirirəm: "Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçki azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilib".


Görünür, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkinin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib.


Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna istinad edilməsinə təkidli çağırış Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna söykənərək böhtanlar atmaq sizlərin sovet diktaturası adlandırdığınız rejimdə belə olmayıb.


Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırmaq məcburiyyətində qalır".


Avropa Parlamenti oktyabrın 23-də Avropa Qonşuluq Siyasəti üzrə qətnamə qəbul edib. Sənədin Azərbaycanda keçirilən sonuncu prezident seçkisinə aid hissəsində ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinad edilib və təəssüflə bildirilib ki, Azərbaycandakı seçki növbəti dəfə ATƏT standartlarına uyğun gəlməyib. Avropa Parlamenti Avropa Qonşuluq Siyasəti proqramında iştirak etmək üçün Azərbaycan rəsmilərinə prezident seçkisinə yönəlmiş tənqidləri nəzərdən keçirib irəli sürülən tövsiyələri reallaşdırmağı məsləhət görüb. Qətnamədə Avropa Parlamenti Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov başda olmaqla 2013-cü ildə həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azadlığa buraxılmasını da tələb edib.