İdmançımızdan rekord nəticə - FOTO

24 Oktyabr 2013 14:07 (UTC+04:00)

Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundiala 3 idmançı ilə qatılan Azərbaycan milli komandasının sonuncu üzvü – 19 yaşlı Firudin Quliyev də körpücük üzərinə çıxıb. 


Böyüklər arasında debüt edən gənc atletimiz 69 kq çəki dərəcəsində mübarizə aparıb və çıxışı uğurlu alınıb. Belə ki, Firudin birdən qaldırma hərəkətində əvvəlcə 140 kq-ı ram edib. Sonra o 143 kq-ı sifariş verib ki, bu da onun bu hərəkətdəki şəxsi rekordu idi. İkinci yanaşmada bu çəkiyə güc gələ bilməyən Quliyev, üçüncü yanaşmada istəyinə çatıb. O, 143 kq-la bu hərəkətdə 8-ci yeri tutub.


Quliyevin təkanla qaldırma hərəkəti isə fantastik alınıb. Həmyerlimiz ilk yanaşmasında 185 kq çəkini uğurlara edib. Sonra Firudin 194 kq sifarış verib ki, bu da çox vacib idi. Çünki bu, Liao Huya məxsus gənclər arasında dünya rekordundan (190 kq) 4 kq artıq çəki demək idi. Bununla yanaşı, 194 kq-ı qaldırmaqla Firudin həm də təkanla qaldırmada rumın atlet Razvan Martinə məxsus gənclər arasında Avropa rekordunu (189 kq) da 5 kq yeniləyəcəkdi. 


İlk yanaşması uğursuz olsa da, Quliyev sonuncu cəhdində bu çəkinin öhdəsindən gəlib. Beləliklə, 194 kq-la Quliyev təkanla qaldırma hərəkətində gümüş medal qazanıb.


Toplamda 337 kq (143 kq + 194 kq) nəticə göstərən Firudin Quliyev ümumi sıralamada bürünc medala sahib olub.


Qeyd edək ki, ondan öncə Kristina Yovu (53 kq) 1 "böyük", 2 "kiçik" gümüş, Valentin Xristov (62 kq) isə 2 "kiçik" bürünc medal qazanıblar.