Müğənni Cəlal Abbasov kimləri duet ortağı seçib?

22 May 2012 12:25 (UTC+04:00)

Ötən gün müğənni Cəlal Abbasovun Heydər Əliyev Sarayında sayca üçüncü solo konserti keçirildi. Movqe.Az xəbər verir ki, konsertdə müğənni xalq, klassik, estrada mahnıları yanaşı, ümumiyyətlə, 25 mahnı səsləndirdi. Bunlar arasında Eldar Mansurov, Faiq Sücəddinov, Vaqif Gərayzadə, Natiq Qəzənfəroğlu, Pərviz Nəsirov və başqa tanınmış bəstəkarların mahnılarını xüsusi qeyd etmək olar. Azərbaycan, Bakı haqqında mahnılara daha çox üstünlük verən müğənni konserti "Ey vətən" mahnısı ilə açdı və dahi sənətkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sonlandırdı.

Daha çox şanson musiqisi ifaçısı kimi tanınan C.Abbasovun "Dağlarda duman gözəldir" xalq mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Konsertdə bir neçə dildə mahnı səsləndirən C.Abbasovun, müğənnilər Xəyyam Mustafazadə, Təranə Mahmudova, Elnarə Həsənli və əməkdar artist Gülyanaq Məmmədova ilə olan duetləri yadda qalan oldu.

Müğənnini səhnədə "Bakı Gecələri" estrada orkestrı müşayiət edirdi.

Qeyd edək ki, konsertdə Sarayın dəvəti ilə bir sıra uşaq evləri, beynəlxalq əlillər cəmiyyəti və Binəqədi, Nəsimi, Yasamal, Xətai rayon veterenlar və şəhid ailələri cəmiyyətləri iştirak edirdilər.

Fuad Mədətov

Movqe.Az