Azərbaycanlı müğənninin Yekaterinburq uğuru-VİDEO

25 Oktyabr 2013 14:06 (UTC+04:00)

İstedadlı müğənni Cəvahir Abdulova daha bir uğurunu mətbuatla bölüşüb. Yekaterinburqdan yaradıcılıq səfərindən qayıdan sənətçi Uralda yaşayan bütün xalqların bayram konsertində çıxış edib. O, bu tədbirə Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlinskinin dəvəti ilə qatılıb. Qurumun təmsilçisi Cəvahir xanımın yerli kanallarda çıxışı zamanı istedadını görüb və secimini edib. Azərbaycanı mötəbər tədbirdə təmsil edən Cəvahir Abdulovanın çıxışı alqışlarla qarşılanıb və o, yenidən səhnəyə qaytarılan sənətçilərdən olub.


Ermənilərin də qatıldığı bayram tədbirində azərbaycanlı təmsilçinin çıxışı xüsusi qiymətləndirilib və o, mükafat qazanıb. Tədbirdən sonra təşkilat komitəsi C.Abdulova ilə görüşərək onun solo konsertinin təşkili ilə bağlı təklifini bildirib.