Azərbaycanda kino məktəbinin yaranmasına böyük ehtiyacın olduğu üzə çıxdı

25 Oktyabr 2013 14:17 (UTC+04:00)

Fuad Poladov: "Bu vaxta qədər kino məktəbinin yaranmaması qəribədir"


Bu gün Azərbaycanda sırf kino çəkilişinin təlim və tədrisi ilə məşğul olan ayrıca məktəbin olmaması istər-istəməz sözügedən sahəyə öz təsirini göstərməkdədir. Hesab edilir ki, Azərbaycanda film sənayesinin inkişafını sürətləndirmək üçün əslində, belə bir məktəbin olması vacibdir. Qeyd edək ki, məhşur fransız akytoru Jerar Depardye də bu xüsusda maraqlı fikirlər səsləndirib: "Mən Azərbaycan kino məktəbinin yaradılmasının tərəfdarıyam. Azərbaycan coğrafi yerinə görə, bir sıra ölkələrlə kino sənayesi üzrə həm əməkdaşlıq edə bilər, həm də təlim-təhsil mərkəzi ola bilər. Rusiya, Gürcüstan, güclü kino sənayesinə malik İran və s. burada toplaşa bilər. Bəli, mən yenə də düşünürəm ki, Azərbaycanda kinonu necə çəkməyi öyrədən bir məktəbə ehtiyac var. Bura peşəkar operator, rejissorlar, aktyorları gətirib, təcrübələrini bölüşmək olardı. Sovet respublikalarında olan bu böyük kinostudiyalar vaxtilə intensiv istehsalla məşğul idilər. Indi onların potensialını qaytarmaq barədə düşünmək lazımdı, məncə, təklif etdiyim kimi, mədəni randevular yerli kinostudiyalar üçün faydalı olardı".

Məsələyə münasibət bildirən xalq artisti, aktyor Rasim Balayev Mövqe.az-a açıqlamasında qeyd edir: "Bizdə kino çəkə bilən adamlar var. Sadəcə, bəzən otu itin qabağına qoyurlar, əti atın qabağına... Bu fərqə görə də kinomuz bu gündədir. Jerar Depardye bura gələndə elə bilir ki, hər şey gözəldirsə, deməli, hər şey belə asan alına bilər. Biz dünən film çəkən adamlar deyilik. Bizim 110 illik film çəkmə tariximiz var.  Rusiya, Gürcüstan, güclü kino sənayesinə malik İran və digərlərinin  burada toplaşa bilməsi üçün şərait yaranması yaxşı olar. Bu bir həqiqətdir ki, Azərbaycanda kino məktəbinin yaradılması üçün şərait olmalıdır. Vaxtilə, yəni sovetlər dönəmində bunun üçün respublikaya yer ayırırdılar, Moskvada Dövlət Kinematoqrafiya İnstitutu var idi ki, burada  bizim gənclər gedib təhsil ala bilirdilər, öyrənib gəlirdilər. İldə 2-3 şəxs göndərilirdi. Ancaq bu gün o tendensiya yoxdur. Kino məktəbi yaransa, dünya kino ulduzları, təcrübəli rejissor, aktyor, operatorlar gələr, bizimkilərə yüksək səviyyədə master klasslar keçərlər. 

İndiyə kimi bu cür məktəbin yaranmaması sadəcə, diqqətsizlikdən irəli gəlir. Kinoya diqqət, qayğı lazımdır. Düşünürəm ki, Azərbaycanda kino məktəbinin yaranması üçün maliyyə imkanı problem deyil. Sadəcə, bu cür məktəbin yaranmamasının tək səbəbi diqqətsizlikdən irəli gəlir".

Xalq artisti, aktyor Fuad Poladov isə məsələyə belə münasibət bildirib: "Öyrənmək heç vaxt gec deyil. İstər rejissor, istər operator işində öyrənmək mümkündür. Təcrübə artımı mütləq lazımdır. Bu vaxta qədər kino məktəbinin yaranmaması qəribədir. Bilirsinizmi, bunu tək səbəbi odur ki, kino məktəbinin yaranmasına barmaqarası baxılıb. Bu fikrə diqqət ayrılmayıb. Ancaq bu gün kinomuzun inkişafı üçün kino məktəbinin yaranması labüddür".