Nazirlikdən paytaxtda ətin qiymətini ucuzlaşdırmaq üçün təklif gəldi-Özəl

25 Oktyabr 2013 14:09 (UTC+04:00)
"Paytaxtda süni qiymət artımının qarşısını almaq üçün hər rayon üzrə ət satışı məntəqələri yaradılmalıdır. Həmin məntəqələrdə fermerləərə öz məhsullarını satmaq üçün şərait yaradılmalıdır ki, ətin qiymətində süni artım baş verməsin. Biz dəfələrlə bununla bağlı aidiyyatı qurumlar qarşısında təkliflə çıxış etmişik".

Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov söyləyib. Ç Fərəcov bildirib ki, ətin qiyməti süni olaraq artırılır. Onun sözlərinə görə, kənd təssərrüfatı müəssisələrində mal ətinin 1 kiloqramının maya dəyəri 4 manat 30 qəpik, qoyun ətində isə bu rəqəm 4 manat 50 qəpik təşkil edir: "Paytaxtda isə mal ətini 8, qoyun ətini isə 9 manata təklif edirlər. Qiymətlərdən görünür ki, mal  və qoyun əti paytaxtda maya dəyərindən çox baha qiymətə satılır. Möhtəkirlər rayonlardan diri çəkidə heyvanları ucuz qiymətə alıb paytaxtda baha qiymətə satışa çıxarırlar. Buna son qoyulmalıdır. Bunun üçün də fermerlərə paytaxtda öz məhsullarını satmaq üçün şərait yaradılmalıdır. Paytaxt rayonlarının hamısında bir neçə yerdə ət satışı məntəqələri təşkil olunsa bu möhtəkirlərin də bazarı bağlanar. Paytaxtda da ətin qiyməti ucuzlaşar".