Filmlərimiz təbliğat məsələsində Qərb kinolarından kəskin fərqlənir

25 Oktyabr 2013 15:43 (UTC+04:00)

Mehriban Xanlarova: "Kim hansı filmi çəkdi, öz filmidir deyə, onu xaricə yollayıb, mənfəət qazanmağa çalışır"


Bu gün istənilən ölkənin dünyada tanıdılması və təbliğ olunmasında siyasətlə, diplomatiya ilə yanaşı, mədəniyyət amilindən də geniş istifadə olunur. Bir mədəniyyət vasitəsi olaraq isə təbliğat məsələsində kino öənməli çəkiyə malikdir. Qeyd edək ki, bu vasitədən dünyanın bir çox ölkələri, məsələn, ABŞ, Avropa dövlətləri geniş istifadə edir. Real şəraitdə isə Azərbaycan filmləri təəssüf ki, beynəlxalq miqyasda Azərbaycanın təbliğində bir vasitə olaraq  çox zəif iştirak edir və ya heç etmir.  

Prezident Mükafatçısı, xalq artisti Nuriyyə Əhmədova Mövqe.az-a açıqlamasında bunun səbəblərini belə izah edir: "Siz mənim yaralı yerimə toxundunuz. Mənim illərdir, öz-özümə verdiyim sual indi mənə sizin tərəfinizdən verilir. Qəribədir. Əgər Şahmar Ələkbərov sağ qalsaydı, onun filmləri dünyanı gəzərdi. Onun filmlərində həm ssenari, həm quruluş, həm ideya, həm aktyor oyunu, bir sözlə hər şey yüksək səviyyədə idi. O, 3 film çəkdi. İksini çəkdi, biri isə yarımçıq qaldı. Hələ o vaxtlar biz Moskvadan asılı idik. Onlar bizim filmlərə bir "əmma" qoyurdular, yolumuzu kəsirdilər. O fillmlərimizin çoxu orada qalıb. Cəmil Quliyev sağ olsun ki, o filmləri bir-bir alıb Vətənə gətirir. Bu gün Azərbaycanda kino böhran keçirir. Cavanlar gəlir, yeniliklər gətirirlər. Amma cavanların da çəkdiyi göz qabağındadır. Biz yaşlıların isə çəkildiyi filmlər kənarda qalıb. Çünki o filmlərdə oynayanların əksəriyyəti həyatda yoxdur. Olanların da qədri bilinmir. Mən çəkildiyim "Sahilsiz gecə" filmi çox yerdə nümayiş olunmadı. Amma halbuki, o film əcnəbilər tərəfindən çox bəyənilmişdi. O film əsasən qadın problemlərindən, qadının müharibə zamanı düşdüyü vəziyyətdən bəhs edir. O vaxt film nümayiş olunanda Hindistandan ər-arvad rejissorlar gəlmişdi və o filmə heyran qalmışdılar. "Həm ziyarət, həm ticarət" filmi də bütün Azərbaycanda və xaricdə yayımlanıb. O film yayımlandıqdan sonra əcnəbilərdən mənə saysız zənglər olurdu ki, filmi çox bəyəniblər. O filmdə baxmayaraq ki, var-dövlət, qızıllar əldən gedir, ancaq bir qadının ərinə qlobus-dünyanı hədiyyə etməsi fikri ideyası çox bəyənilir. Yaratdığım qadın obrazı da əsl tipik Azərbaycan qadınına xas idi. Bizdə o qədər Şərq, Qərb festivalları oldu, amma o film heç yerə göndərilmədi. Mən bunu həmişə qeyd edirəm. Bundan başqa "40 dərəcə kölgə"də filmi çəkildi. O film isə Azərbaycanda göstərilmədi. Amma getdi orada-burada nümayiş olundu və ruslar həmin filmi öz adlarına yazdılar. Hər yerdə elə təqdim olundu ki, guya filmi ruslar çəkib. O filmi Almaniya almışdı. 

Müasir filmlərin çəkilişindən razı deyiləm. Mən 45 ildir bu sənətdə olan bir aktrisa kimi deyirəm ki, hamısı ilə razı olmasam da, yaxşıları da var. Kinodan əlavə, seriallarımız sadəcə, aktyorların tələbatlarnı ödəmək üçündür. Məcbur olub, seriallara çəkilirik ki, heç olmasa, madii cəhətdən təmin olaq. Ancaq elə olur ki, qısa metrajlı filmlər çəkilir. Cavan rejissorlarımız çəkir, festivallara verilir. Təbii, o köhnə filmlərimizdən daha olmayacaq. İndiki cavanlara arzu edirəm ki, indiki tempdən uzaqlaşsınlar. Onu 1975-ci illərin ahənginə salsınlar. Heç olmasa, 2 dəqiqə aktyorun sifəti, vəziyyəti görünsün, insan baxanda mənəvi zövq ala bilsin, gözü yorulmasın. Bunlar çox vacib amillərdir. Əsas isə filmlərimizdə yenə də  maarifləndirici funksiya, tərbiyəvi cəhətdən üstünlük olsun ki, tamaşaçı da müasir filmlərimizlə maraqlanmaq istəsin".

Prezident Mükafatçısı, əməkdar artist Mehriban Xanlarova məsələyə belə münasibət bildirir: "Bu sualınıza qısa və konkret cavab verəcəyəm. Bu sualın cavabı bağça uşağına belə məlumdur. Bilirsinizmi, nəyə görə bizim filmlər dünya səviyyəsinə çıxarılmır və ya çıxarılan zaman yer tuta bilmir?! Çünki kim hansı filmi çəkdi, öz filmidir deyə, onu xaricə yollayıb, mənfəət qazanmağa çalışır. Yaxşı filmlər isə  qalır kölgədə... Mən də əgər film çəksəm, çalışaram öz filmimi "soxuşdurum" (bəziləri kimi) ... Kimin arxasında adamı var, o da kinosunu dünyaya çıxara bilir".