Bakıda yaşıllıq ərazi artırılacaq

25 Oktyabr 2013 16:56 (UTC+04:00)

Bakı şəhərinin gələcək inkişaf planında nəzərdə tutulan əsas məsələlərdən biri paytaxtın yaşıllaşdırılması ilə bağlı olacaq.


Bunu "APA-Economics"ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib: "Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması, şəhərin havasının təmizlənməsi prioritet planlar sırasına daxil edilib. Bakı və onun ətrafı boz şəhərdən yaşıl şəhərə çevriləcək".

 

Onun sözlərinə görə, paytaxtın mərkəzindəki yaşıllıq ərazisi ən azı 3 dəfə artırılacaq: "İndi Bakının mərkəzinin 1 550 hektar ərazisi var. Bunun yaşıllıq olan hissəsi isə cəmi 116 hektardır. Lakin Böyük Bakının Regional İnkişaf Planında şəhərdə yaşıllığın sahəsinin 370 hektara qədər artırılması nəzərdə tutulub".

 

Komitə rəsmisi əlavə edib ki, kompleks yaşıllaşdırma işləri Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin ərazilərini əhatə edəcək. Xüsusilə, əsas diqqət vaxtı ilə çirklənmiş ərazilər, Bayıl yamacının aşağı hissəsi və digər ərazilərin yaşıllaşdırılması məsələlərinə diqqət yetiriləcək.