Moskva yenə Qafqazda təhlükəli hərbi oyunlara başlayır

26 Oktyabr 2013 08:12 (UTC+04:00)

Qafqazda Moskvanın ixtiyarında olan hərbi texnikanın sayı yenidən artırılmaqdadır. İlin sonuna kimi, eləcə də gələn il ərzində Kreml bu texnikanın və canlı qüvvənin sayını artırmağı düşünür. Bura həm Şimali Qafqaz, həm Abxaziya və Cənkbi Osetiyada olan, eləcə də Ermənistanda yerləşdirilən Rusiya hərbi bazası daxildir.

Hazırad bu hərbi qüvvələr daha çox Qafqazın iki ölkəsini nəzarətdə saxlamağa xidmət edir. Bunlardan birincisi Ermənistandır və burada yerləşən 102-ci hərbi baza İrəvan hakimiyyətinn fəaliyyətinin Moskvanın nəzarətində saxlanmasında az rol oynamır. İkinci bir tərəfdən Gürcüstanın işğal olunmuş ərazilərində yerləşən rus hərbi qüvvələri, eləcə də Ermənistandakı baza Tiflisə daim təzyiq üçün əla vasitədir. 2008-ci ilin avqust olaylarından sonra Moskvanın hər an hərbi qüvvələrini Gürcüstanın üzərinə yönəldə biləcəyini Tiflis indi çox yaxşı başa düşür. Özü də Gürcüstan ictimaiyyəti artıq onu da bilir ki, ölkəyə yeni mümkün hücumda Rusiyanın yanında Ermənistan da yer alacaq. Hər halda Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıqlamalır da bunu aydın formada təsdiq edir. O bildirib ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra paytaxt Tiflisin cənubdan - Ermənistanda yerləşən Rusiya qoşunlarından da qorunması zərurəti yaranıb. Ona görə də Qırmızı körpüdən Ermənistanla sərhəd boyunca tank əleyhinə xüsusi beton mühafizə səddləri yaratmağa başlayıblar: "Əvvəllər bu hərbi sirr idi, amma indi tam məsuliyyətimlə bildirirəm ki, artıq bu barədə Gürcüstanın düşmənləri bilir. Səddin 25 kilometri artıq başa çatmış, işlərin 70 faizi görülmüşdü. Eyni zamanda, paytaxt Tiflis ətrafında bir neçə xüsusi müdafiə sədləri qurulmuşdu. Biz bu işə çox enerji sərf etmişdik, xarici mühəndislər bizə yardım etmişdilər. Amma indi sədlərin tikintisi tam dayandırlıb. Praktiki olaraq biz təxribatla üz-üzə qalmışıq. Mən hesab edirəm ki, bu, Gürcüstanın təhlükəsizlik sisteminə yönəlmiş çox zərərli hərəkətdir. Hesab edirəm ki, gürcü xalqı artıq bu barədə bilməlidir".

Prezidentin sözlərinə görə, Müdafiə Nazirliyinin Baş qərargahında zabitlər ona tikintinin dayandırılmasını hökumətin tapşırığı ilə izah ediblər. Həmin zabitlər prezidentə məlumat veriblər ki, Gürcüstanın yeni hökuməti belə səddlərin Rusiyanı qıcıqlandırdığını, ona görə də tikintinin dayandırılmalı olduğunu bildirib. Baş vernələr Rusiya-Gürcüstan müharibəsinin yenidən alovlaan biləcəyini istisna etmir. Bu səbəbdən indi Gürcüstan hakimiyyəti özünü daha ehtiyatlı aparmaqda, Rusiyanı qıcıqlandıra biləcək addımlardan yayınmaqdadır. Moskva isə Qafqazı hərbləşdirməkdə davam edir. Artıq məlumat verildiyi kimi, Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir. Cari ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika - yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq.

Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, tank əleyhinə raket kompleksləri daxil edəcək. O da məlumdur ki, Rusiya Ermənistandakı hərbi bazasının şəxsi heyətinin sayını artırmaq qərarına gəlib. Bu məqsədlə Gümrüdə rusiyalıların gəlişinə hazırlıq başlayıb. Qeyd edək ki, 102 saylı hərbi baza MDB-nin birləşmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində fəaliyyət göstərir. 2010-cu ildə Ermənistanla Rusiya arasında imzalanan müqaviləyə əsasən bazanın dislokasiya müddəti 2044-cü ilə qədər uzadılıb. Baza C-300 zenit-raket kompleksi və MiQ-29 qırıcı təyyarələri ilə təchiz edilib. Bazanın şəxsi heyətinin sayı 5 minə yaxındır.

Ermənistandakı Rusiya aviasiyasının komandanı Aleksandr Petrov isə Rusiyanın Ermənistandakı hərbi bazasına yeni vertolyotların gətiriləcəyini deyib. Onun sözlərinə görə, Ermənistanda Rusiya aviabazasının modernləşdirilməsi və genişləndirilməsi ilə bağlı sazişlər var və bu istiqamətdə işlər görülür. Bununla yanaşı, o da məlumdur ki, Rusiya özünün Cənubi Osetiya və Abxaziyadakı hərbi bazalarını da gücləndirir. Bura aviasiya da aiddir. Artıq məlumdur ki, Rusiya Şimali Qafqazı əhatə edən Cənub Hərbi Dairəsinə 2013-cü ilin sonuna qədər 30 yeni döyüş təyyarəsi və helikopterlər yerləşdirəcək. Rusiya mətbuatının məlumatına görə, əraziyə gətiriləcək döyüş təyyarələri "Su-30M2" qırıcıları, "Su-34" bombardmançıları, "Su-25SM" hücum təyyarələri və "Mi-35M" helikopterləridir. Maraqlıdır ki, Rusiya bir müddət əvvəl də bu əraziyə iri hərbi texnika yerləşdirmişdi. Şərq hərbi dairəsinə ilin sonuna kimi 30-dan çox "Ka52" zərbə helikopteri və "Mi-8MTŞ" döyüş nəqliyyat, bundan əlavə, "An-26", 20 yeni "Su-30M2" və "Su-35" qırıcılarının gətiriləcəyi xəbər verilirdi.