LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

25 Oktyabr 2013 09:00 (UTC+04:00)

İnkişaf dinamikası get-gedə daha mütəhərrik hala gələn müasir Azərbaycanda sosial-iqtisadi sferada əldə olunan nailiyyətlərin miqyası mütəmadi olaraq genişlənməkdədir. Bu hal ölkə üzrə müəyyən olunmuş iqtisadi rayonlar üzrə də özünü qabarıq formada büruzə verir. Sözügedən sürətli tərəqqinin əsas ünvanlarından biri də Kürdəmir rayonudur.

Digər rayonlar kimi Kürdəmirin də tərəqqisinə yüksək səviyyədə qayğı göstərilir. Bu fonda xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il 07 avqust tarixdə Kürdəmir rayonuna rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli "Heydər Əliyev Mərkəzi"nin, "Heydər Əliyev parkı"nın, Külüllü su xəttinin, Kürdəmir Süd Emalı zavodunun və Kürdəmir rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışını həyata keçirdi. Ərazisi 8.5 hektar olan "Heydər" parkının giriş hissəsi yeni layihəyə əsasən 42 metr uzunluqda tağvari milli memarlıq üslubunda yenidən işlənilib, parkda 2700 perimetr bardur düzülüb, səkilərə 5050 kvadratmetr mozaik beton tavalar döşənib, 4950 kvadratmetr asfalt vurulub, 220 metr uzunluqda hasar çəkilib, ölçüləri 8x16 metr olan şəlalə qurulub, mağara-kafe, yay kinoteatrı, avtokartinqin tikilib, işıqlanma sistemi quraşdırılıb.

Əraziyə çoxlu sayda dekorativ ağac əkilib, 2ha əraziyə qazon səpilib, 2000 metrdən çox süni suvarma xətti çəkilib. "Gənclər Evi" rekonstuksiya olunaraq 140 kvadratmetr genişləndirilib, müasir atıcılıq tiri qurulub, əlavə sinif otağı tikilib. Binada və ətrafında 600 kvadratmetr ağlay vurulub, 880 kvadratmetr mozaik beton tavalar döşənib. Aparılmış abadlıq-tikinti işlərinə 9 ay ərzində daxili imkanlar hesabına 1.836063 manat məbləğində vəsait xərclənib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülüb. Prezident İlham Əliyevin 7 mart 2012-ci il Sərəncamı ilə 14 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi tam başa çatdırılıb, hərəkət nizamlayıcı nişanlar qoyulub, yol ümumilikdə istismara buraxılıb.

Ümumiyyətlə, cari ilin ilk üç rübünün sosial-iqtisadi yekunları da burada mühüm uğurlardan xəbər verir. Rayonda ilin əvvəlindən 649 yeni iş yeri açılıb ki, bundan 429-u daimi iş yerləridir. Onlardan 115 nəfər hüquqi, 314 nəfər fiziki, 220 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır. 2013-cü ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 27.3 faiz artaraq 296403.9 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 83.5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 12.7 faizi sənayedə, 39.2 faizi inşaat kompleksində, 31,6 faizi isə kənd təsərrüfatı sahələrində yaradılıb.

Qeyd olunmalıdır ki, 10 ildə ümumi məhsul buraxılışı 6.9 dəfə, 6.3 dəfə xidmət istehsal sahəsi, 1.7 dəfə nəqliyyat sahəsi, 1.4 dəfə rabitə sahəsi, 7,5 dəfə ticarət və ictimai iaşə sahəsi, 18.5 dəfə sənaye sahəsi, 2.8 dəfə kənd təsərrüfatı sahəsi, 262.8 dəfə tikinti sahəsi artıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sahənin inkişafına diqqət daha da artırılıb.

Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl işlər görülür. Bu il indiyədək qarğıdalı dəni də daxil olmaqla 83.200 tondan çox taxıl istehsal edilib ki, bu da ötən ildəkindən 9000 ton çoxdur. Növbəti ilin məhsulu üçün taxıl əkinlərinə hazırlıq işləri aparılıb, sahibkarlar öz istehsalından 51 min tona qədər toxum fondu ayırıb, indiyədək 25 min hektardan çox sahədə payızlıq şum qaldırılıb, 1200 hektaradək sahəyə taxıl səpilib, səpin işləri xeyli sürətləndirilib. Bu il 35 min hektardan çox sahəyə taxıl əkiləcəyi nəzərdə tutulub. Görülmüş tədbirlər nəticəsində yazlıq əkinlərdən daha çox məhsul götürülüb.

Kürdəmir Fitosanitar xidmətinin yeni bazasının tikintisi başa çatdırılıb. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Rayondakı süd Zavodunda hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 8 çeşiddə məhsul istehsal edilir. Kənd təsərrüfatının inkişafında və yüksək məhsul əldə edilməsində meliorasiya işləri və suvarma sistemləri mühüm rol oynayır. Bu sistemdə mövcud suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənib, hidrotexniki qurğular, nasos stansiyaları əsasən təmir olunaraq işlək vəziyyətə gətirilib.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı rayon əhalisinin elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədi ilə "Azərenerji" Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirmiş və SİP kabelləşmə işinin aparılması üçün razılıq əldə olunub. Şəhər ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı artıq inventar və avadanlıqlar gətirilib və kabelləşmə işlərinə başlanılıb.

Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılıb. 215 mənzil qazlaşdırılıb, 2150 ədəd köhnə qaz sayğacı yenisi ilə əvəz edilib, 255 yeni qaz sayğacı quraşdırılıb. Podratçı təşkilat "Qarabağ 2008" MMC tərəfindən rayonun Xınıslı, Muğanlı kəndlərinə daşıyıcı kəmərlər çəkilib. Hal-hazırda Bağman kəndində kənddaxili qaz xətti çəkilərək 110 mənzilə sayğacların quraşdırılması işləri davam etdirilir. Çöhranlı kəndində kənddaxili qaz xətləri çəkilərək 260 mənzilə sayğacların quraşdırılması işinə başlanılıb və yekunlaşmaq üzrədir. Atakişili kəndinin genişlənən hissəsinin layihə-smeta sənədləri artıq hazırlanıb və yaxın ayıarda işlərə başlanılacaq. Rayonun Şilyan və Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanıb, hazırda həmin kəndlər istiqamətində d-250 mm-lik polietilen boru ilə daşıyıcı xətt çəkilir.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayonda əlavə III Külüllü su xəttinin 29 km magistral, 30 km rayondaxili, 1 km kanalizasiya xəttinin çəkilişi aparılıb, 2050 sayğac quraşdırılıb və 5 ədəd ötürücü quyu qazılıb istifadəyə verilib. Hazırda yeni su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 2013-cü ilin III rübündə I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılıb, bir neçə yerdə su itkisinin qarşısı alınıb.

Cari ildə əhalinin fasiləsiz içməli suya olan tələbatını ödəmək məqsədi ilə su anbarları təmir olunaraq istifadəyə hazır vəziyyətdə saxlanılıb, şəhərin su olmayan küçələrinə avtomaşınlarla su verilməsi təmin edilib. Qaçqın və məcburi köçkünlərə tərtib olunmuş qrafik üzrə suyun verilməsi təşkil olunub. Hazırda I Külüllü su xəttində su itkisinin qarşısını almaq üçün mütəmadi təmir işləri aparılır. 2013-cü ilin 9 ayında Ağsu rayonu ərazisində olan Külüllü bulağında 300 perimetr məsafədə 2 metr dərinlikdə xəndək qazılıb, bulağın açıq hissəsi d-630 mm olan polietilen boru vasitəsi ilə ötürücü qurğuya birləşdirilib. Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhəriin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir. Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə Respublika hökuməti tərəfindən əvəzsiz olaraq rayona verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunması, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin aparılmasında maksimum istifadə edilməsi xüsusi diqqət mərkəzindədir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2013-cü ilin III rübündə 30 saylı Yol İstismarı idarəsi "Azəryolservis" ASC-nin xətti ilə Respublika Əhəmiyyətli Bakı-Ələt-Qazax və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda və yerli kənd yollarında 572 min manatlıq cari və orta təmir işləri görülüb, fiziki göstəricisi 7 km olmaqla 42 min kvadratmetr olub. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 6 kəndində, o cümlədən 640 şagird yerlik Sığırlı, 360 şagird yerlik Z.Əhmədov adına Şilyan, 280 şagird yerlik Cəyli, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəb binalarının, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin, 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binaları tikilib istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin ardıcıl və məqsədyönlü işi nəticəsində 180 şagird yerlik Mürtülü, 180 şagird yerlik Xınıslı kənd tam orta məktəb binalarının tikintisi plana salınıb və tikinti işlərinə başlanılıb.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının əsas binasında inventar və avadanlıq quraşdırılması davam etdirilib. Kürdəmir Mərkəzi Rayon Xəstəxanası üzə 157 çarpayılıq Mərkəzi Xəstəxanasının əsas binasında, Poliklinika şöbəsində, Ruhi xəstəliklər xəstəxanasında, Karrar, Mollakənd sahə xəstəxanalarında və digər tibb müəssisələrində payız-qış mövsümünün gəlişi ilə əlaqədar abadlıq işləri aparılıb, həyətyanı sahələrdə 550-dən çox ağac və gül kolları əkilib. Digər sahələr üzrə də sürətli inkişaf yaşanır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.