Azərbaycanda daha 4 seysmik stansiya fəaliyyətə başlayıb

28 Oktyabr 2013 12:26 (UTC+04:00)

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) telemetrik seysmik stansiyalar şəbəkəsi genişlənir.


RSXM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzin quruda yerləşən daha 4 telemetrik seysmik stansiyasında tikinti-quraşdırma işləri başa çatıb və stansiyalar işə başlayıb. Bu stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır.

 

Beləliklə, RSXM-in quruda telemetrik stansiyalarının sayı 35-ə çatıb.

 

Bundan başqa, bu il ərzində mərkəz tərəfindən respublika ərazisində 21 GPS stansiya quraşdırılıb. Daha bir GPS stansiyanın isə Saatlı rayonu ərazisində qazılıb, dərinliyi 8324 metr olan quyu üzərində quraşdırma işləri başa çatmaq üzrədir.

 

Qeyd edək ki, bu, dərinliyinə görə dünyada 3-cü quyudur. Həmin quyu üzərində quraşdırılmış GPS stansiya vasitəsi ilə Yerin təkində gedən prosesləri daha yaxşı müşahidə etmək mümkün olacaq.

 

RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri də davam etdirilir. İlkin olaraq dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.