Zəminə Əliqızı: “İşdən çıxarılmamışam”

28 Oktyabr 2013 14:10 (UTC+04:00)

Zəminə Əliqızı: "İşdən çıxarılmamışam"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsindən çıxarılan Zəminə Əliqızından açıqlama gəldi. 

Bu barədə Zəminə Əliqızı Facebook hesabında yazıb:

"Əvvəla, ilk növbədə ünvanıma xoş sözlər səsləndirən dostlarıma təşəkkür edirəm. Çox sağ olun! Əskik olmayasız! Fəaliyyətə başladığı ilk vaxtdan çalışdığım, ikinci evim hesab etdiyim doğma kollektivim olan Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu gündən yeni vəzifəmdə işə başlayıram. Təhsil naziri Mikayıl Cabbarovun 3 gün əvvəl imzaladığı əmrə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatında baş məsləhətçi kimi xidmətimi davam etdirəcəm. Mən bu vəzifəyə öz xahişimlə təyin olunmuşam. Nə "işdən çıxarılmışam", nə də "uzaqlaşdırılmışam". Dövlət idarəetməsi üzrə mütəxəssis ixtisasıma uyğun olaraq işlədiyim İdarənin daha da böyük uğurlar qazanmasında bundan sonra da vicdanla çalışacam.


"Bakı Təhsili" qəzetinə gəlincə. Bilməyənlər bilsinlər! "Bakı Təhsili" adlı qəzetin təsisçisi şəxsən özüməm. Məntiqlə təsisçisi olduğum qəzetdən özüm - özümü uzaqlaşdıra bilmərəm. Əminəm ki, dövlətimizin və Nazirliyimizin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında qoyduğu məqsəd və vəzifələrin peşəkar səviyyədə reallaşdırılması üçün Nailə Rzaquliyevanın rəhbərliyi altında fəaliyyətimiz daha da genişlənəcək. Biz, çoxlu ilklərin müəllifi olan kollektivimizlə prinsiplərimizə sadiq qalaraq hələ çoxlu uğurlar qazanacağıq. Allah hamımıza kömək olsun!".


Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsində Zəminə Əliqızını Arzu Tahirquliyeva əvəzləyəcək.