Küçə ticarəti problemi davam edir

22 May 2012 16:22 (UTC+04:00)

Paytaxt Bakı, eləcə də ölkənin bir çox iri şəhərləri üçün daim aktual olan məsələlərdən biri də küçə ticarəti ilə bağlıdır. Paytaxtda keçirilən "Eurovision" mahnı müsabiqəsi fonunda bu məsələ daha da aktuallaşıb.

Ümumiyyətlə, Bakı şəhərinin küçə və meydanlarında, səkilərdə, bazarların ətrafında, avtobus dayanacaqlarında, metro stansiyalarının giriş-çıxışlarında, eləcə də, bu məqsədlə ayrılmamış yerlərdə qanunsuz küçə ticarətinə qarşı ciddi mübarizəyə getdikcə daha çox önəm verilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə də bildirir ki, küçə alverçilərinə qarşı mübarizə Bakı Şəhər İcra Hakimiyyətinin göstərişidir: "Gördüyünüz kimi şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Pərakəndə alverlə məşğul küçə alverçiləri də bu estetikanı pozur, şəhərin ümumi görünüşünə xələl gətirir. Avropanın hansı ökəsində belə bir şey görmək olar? Bu insanlar üçün şəhərin müxtəlif yerlərində bazarlar müəyyənləşdiriblər. Kim istəyirsə sərbəst şəkildə, heç bir problemlə üzləşmədən orada öz məhsulunu sata bilər".

Təbii ki, küçədə alverlə məşğul olanlar öz məhsullarını satmırlar. Yəni onlar da topdansatış mərkəzlərindən və eləcə də rayonlardan şəhərə gələn adamlardan bostan-tərəvəz məhsulları alaraq küçələrdə satmağa məcbur olurlar. Lakin vətəndaşlara küçələrdə satılan məhsulları almaq məsləhət görülmür. Çünki küçələrdə satılan məhsulların əksəriyyətinin istifadə müddəti bitmiş olur. Antisanitariya şəraitində aparılan küçə ticarəti zamanı hətta keyfiyyətli məhsullar da çirklənməyə məruz qalır. Nəticədə o, orqanizm üçün təhlükəli ərzağa çevrilir. Küçə ticarətinin harada təşkil olunacağını əvvəlcədən bilmək olmur. Bu üzdən də küçələrdə satılan məhsulları daim yoxlamaq mümkün deyil. Hətta qeyri-qanuni küçə ticarəti faktı aşkarlanan zaman belə, satıcının şəxsiyyətini müəyyənləşdirmək problemə çevrilir.

Ölkə qanunvericiliyinə görə, küçədə ərzaq məhsullarının satışı sanitar normaların pozulması anlamına gəlir. Buna yol verən şəxsləri 200 manatadək cərimə gözləyir. Küçə ticarətinin qarşısının alınmasında Gigiyena və Epidemiologiya Mərkəzinin "tədbir"ləri kifayət deyil. Hesab olunur ki, bununla bağlı tədbirlər gücləndirilsə də, yerli icra hakimiyyətləri, polis orqanları işlərini gücləndirməlidir. Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti də bununla bağlı tədbirlər görür.

Küçə ticarətçilərinin əksəriyyəti Çin, Pakistan vətəndaşlarıdır. Ekspertlər hesab edir ki, Bakıda paytaxtın görkəminə xələl gətirən, yol hərəkətinə maneçilik törədən, antisanitariya doğuran, səviyyəsizlik təəssüratı yaradan, ümumiyyətlə, şəhər əhalisinə əlavə problemlər yaradan qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə "xüsusi tədbirlər planı" həyata keçrilməlidir. Araşdırmalar göstərir ki, dəfələrlə yaradılmış komissiyaların keçirdiyi reydlər nəticəsində bəzi yerlərdə həmin ticarətin qarşısı qismən alınsa da, onun tam ləğvi ciddi problemə çevrilib. Çünki bir yerdə qanunsuz alverin qarşısı alınır, digər ərazilər yoxlanılarkən əvvəlki ərazidə ticarət davam edir. Ona görə də digər aidiyyəti qurumlar da, hüquq-mühafizə orqanları da bu işlə ciddi məşğul olmalıdırlar.

Küçə ticarətçiləri bəzən hansısa dayanacağın ərazisini "zəbt etdiklərindən" sərnişinlər avtomaşınlara minmək üçün yolun ortasına doğru hərəkət etmək məcburiyyətində qalırlar. Orada nəqliyyat vasitələrinin çətinliklə hərəkət etdiyini, sərnişinlərin xeyli əziyyət çəkdiklərini də görmək mümkündür. Yaranmış problemə görə sərnişinlər və sürücülər alverçilərə dəfələrlə iradlarını bildirsələr də, sonuncular buna məhəl qoymur, hətta irad bildirənlərə hədə-qorxu gəlməkdən çəkinmirlər.

Əsgər CAVADOV