Azərbaycanda 5-dən çox uşağı olan ailələrə müavinətlər veriləcək

28 Oktyabr 2013 19:00 (UTC+04:00)

Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı dəyişikliklər ediləcək

Azərbaycan  Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Sosial müavinətlər haqqında" qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub. Bu dəyişikliklər Milli Məclisin sabahkı iclasında müzakirə ediləcək. Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.


M.Quliyev hesab edir ki, hər bir uşağa görə 25-30 manat məbləğində sosial müavinət verilə bilər. Müavinətin məbləğinin bundan aşağı olacağı gözlənilmir. Qanuna dəyişikliklər qəbul edildikdən sonra müavinətin məbləği hökumət tərəfindən müəyyənləşdiriləcək.


Komitənin sədr müavini qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün konsepsiya hazırlayır. Konsepsiyaya çoxuşaqlı ailələr üçün vergi güzəştlərinin tətbiqi, onlara müəyyən imtiyazların verilməsi məsələsi də daxil edilə bilər: "Dünyanın əksər ölkələrində bu siyasət aparılır. Əsas məsələ gələcək illərdə demoqrafik proseslərin müsbət istiqamətdə davam etməsini təmin etməkdir. Məlumdur ki, Azərbaycanda demoqrafik gərginlik yoxdur. Əksinə, demoqrafik inkişaf var. Ölkəmizin əhalisi hər il orta hesabla 100 min nəfər artır. Azərbaycanda əhalinin yaş tərkibi də gənclərin və orta yaşlı insanların hesabına xeyli müsbətdir. Bu mənada Azərbaycanda bu gün demoqrafik problem yoxdur. Ancaq yaxın illərdə bu probleminin olmaması üçün belə tədbirlərin görülməsi vacibdir".