Bakıda çirkli hava təhlükəsi...

29 Oktyabr 2013 07:16 (UTC+04:00)

Ukrayna da fəal ekoloji ölkələrin siyahısına daxil edildi. Bunu NASA tərəfindən hazırlanmış çirklənmə xəritəsi də təsdiq edir. Araşdırmalara görə, Ukraynada il ərzində havaya görə, hər 1000 kvadratkilometrdə 500 insan ölür. Səbəb isə çirklənmiş atmosfer göstərilir. Ukrayna ilə bərabər belə ölkələr arasında Fransa, Portuqaliya, Avstriya və Macarıstan da var.

Ən pis vəziyyət isə Çin, Hindistan və Yaponiyadadır. Mütəxəssislər Ukraynada belə statistikanın formalaşmasını ən əsası Çernobl hadisələri ilə izah edirlər.

Ölkəmiz üçün isə ekspertlər çirkli hava üzündən yarana biləcək ölüm təhlükəsinin olmadığını bildirirlər. "Yaşıllar" Hərəkatının sədri Fəridə Hüseynovanın sözlərinə görə, bununla bağlı statistika yalnız Səhiyyə Nazirliyində olur: "Çünki, bu dövlət sirridir. Düşmən bu məlumatdan istifadə edə bilər. Ukraynadakı hadisələr əsasən Çernobl haddisələrinin nəticəsidir ki, məcburən bu statistikanı elan edirlər. Lakin bizdə hələlik elə bir problem yoxdur. Ona görə də bizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi can sağlığı ilə bağlı statistikanı toplamır".

Fəridə Hüseynova bildirdi ki, Bakıdan başqa bütün şəhərlərimizin havası yaxşdır: "Çünki, digər şəhərlərdə o qədər yüngül nəqliyyat yoxdur. Nəqliyyatın çox olması Bakı üçün ən böyük problemdir. İşləyən sənaye müəssisələri çox deyil. Olanların da hamısında modernizasiya işləri aparıblar. Yaxud da yaşayış yerlərindən uzaqlaşdırıblar. Nəticədə yaşayış sahələrinə mənfi təsiri nisbətən azalıb. Amma yüngül nəqliyyat həddindən artıq artıb. Onlar da hamısı yeni deyil. Ona görə də tullantıları normadan çox olur. Havanın çirklənməsinin 70%-i məhz nəqliyyatın payına düşür. Düzdür, bizdə neftin emalı zamanı səmt qazının yandırılması da var. Amma nəqliyyat tullantıları ilə müqayisə edəndə onlar cüzi miqdardadır. Əvvəllər tramvay və trolleybuslar var idi. İndi isə ekoloji cəhətdən təmiz olan yalnız metro qalıb".

Həkim Adil Qeybullanın sözlərinə görə, Ukraynada ölüm hallarının olması tək havanın çirkli olması ilə bağlı deyil: "Orada həm də Çernobl radiasiyası var. Ancaq dövlət hələ də bunun davam etməsini faktını rəsmən gizlədir. Ölüm halında havanın çirklənməsi faktoru da önəmlidir. Yəni, 1 kubmetr havada 1 nanoqram benzapiren törəməsi varsa bu, təxminən 100 nəfərdən 18-də ağciyər xərçənginin olması ehtimalı deməkdir. Polietik, aromatik karbohidratlar sırf konseregendir. Bronxları qıcıqlandırır, ağciyər xərçənginin əmələ gəlməsində aparıcı rol oynayır. Yəni, böyük şəhərlərdə, urbanizasiya olan yerlərdə ağciyər xərçənginin artması bununla bağlıdr. Bundan əlavə, siqaret çəkən insanların xüsusi çəkisinin artması faktorunun da yetərli rolu var. Şəhərdə tikinti bumunun getməsini də buna misal edə bilərik. Yəni, azbest və digər tikitni materiallarının havaya tullanması xroniki bronxit yaradır. Bu konseregen faktorun sonradan ağciyər xərçənginə çevrilməsinə şərait yaradır. Ancaq əsas məsələ hər kubmetr havada konseregenin miqdarıdır ki, bu, mütləq dəyərləndirilməlidir. Məsələn, bu gün bizdə avtomobillərin əksəriyyəti ekoloji standartlara tam cavab vermir. Çünki, bizə xarici ölkələrdən köhnə avtomobillər çox gətirirlər. Avtomobillərin sayına və neft şəhəri olduğuna görə ən çirkli şəhərimiz kimi Bakını qeyd etmək olar".