Elşad Abdullayev Azərbaycana ekstradisiya ediləcək-Özəl

29 Oktyabr 2013 11:42 (UTC+04:00)

Dünən sabiq millət vəkili Gülər Əhmədova Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsində ifadə verərkən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycana gətirilərək onunla üzləşdirilməli olduğunu söyləyib: G. Əhmədova həmçinin bununla bağlı Azərbaycanın Baş Prokuroru Zakir Qaralovun da bu mövqedə olduğunu söyləyib: ""Elşad, məndə heç bir gizli video yoxdur. Qurtar bu komediyanı. On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. "Quran"a əl bas ki, mənə pul vermisən. Qurtar bu yalanları, komediyanı. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm. Hələ istintaq gedərkən baş prokuror Zakir Qaralov da çox düzgün yol xəritəsi verərək Elşad Abdullayevin Azərbaycana gətirilməli olduğunu söyləmişdi".

Movqe.az Elşad Abdullayevin Azərbaycana gətirilməsi ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Movqe.az-a açıqlamasında bildirib ki, Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağı ilə bağlı artıq Baş Prokurorluğun rəhbərliyi tərəfindən mövqe bildirilib.Xatırladaq Prokurorluq işçilərinin peşə bayramında Zakir Qaralov bu məsələyə öz fikrini bildirib. 

Xatırladaq ki, həmin ərəfədə baş Prokuror qeyd edib ki, Elşad Abdullayevin Azərbaycana ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub: "Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev barəsində aparılan araşdırmalara gəlincə, ümid edirəm ki, onun ektradisiya məsələsi təmin olunacaq".