Millət vəkili: "Azərbaycan Rusiyanın himayəsi altında yaranan heç bir birliyə daxil olmayacaq"

29 Oktyabr 2013 13:05 (UTC+04:00)

Azərbaycanın millət vəkilləri Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanla bağlı edilən bəyanatlara kəskin etirazlarını bildiriblər.


Millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan xalqının iradəsini nə hansısa beynəlxalq təşkilatın qərarı, nə də kiminsə verdiyi siyasi bəyanat dəyişə bilər: "9 oktyabr Prezident seçkilərindən sonra Azərbaycan hakimiyyəti ilə xalq arasında vahidlik var və bu, pozulmazdır". O bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana təyziq edərək öz istədiklərini almaq niyyətləri var: "Biz bunun əvvəl də nəticələrini görmüşük və Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək, nə Avropadan qorxmur, nə də Rusiyanın himayəsi altında yaranan heç bir birliyə daxil olmayacaq".


Millət vəkili Fərəc Quliyev bildirib ki, hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar adından qəbul edilə bilməz. Azərbaycan terrorizmə qarşı mübarizədə öz tövhələrini verir, enerji sahəsində Qərblə geniş əməkdaşlığa malikdir: "Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərblə inteqrasiyanı davam etdirəcək".


Millət vəkili, Yeni Azərbaycan Partiyasının icraçı katibi Siyavuş Novruzov bu mövzu ilə bağlı deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Parlamenti daim öz qərəzli mövqeyini nümayiş etdirib və bu, Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanıb: "Xüsusilə ATƏT DTİHB-i nə ABŞ-da, nə Rusiyada keçirilən seçkilərə buraxıblar. Avropa dövlətlərinin nümayəndələri Azərbaycanda keçirilən Prezident seçkilərini izlədilər və öz pozitiv mövqelərini bildirdilər".


Deputat Aydın Mirzəzadə bildirib ki, ATƏT DTİHB və Avropa Parlamentinin Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi qeyri-obyektiv bəyanatlar təəssüf doğurur. O bildirib ki, Avropa ölkələrinin nümayəndələri 9 oktyabr Prezident seçkilərində iştirak etdiyi halda müsbət qiymətləndirib, ABŞ-dakı bəzi şəxslər isə seçkiləri izləməyib, lakin neqativ bəyanat veriblər: "Nədən hər seçkini daha şəffaf və demokratik şəraitdə keçirən Azərbaycan bəzi beynəlxalq qurumların maraqlarına cavab vermir?". O vurğulayıb ki, Azərbaycan öz seçimini 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə edib və dayanıqlı siyasi kurs nümayiş etdirir.

Millət vəkili Asim Mollazadə bu mövzuda çıxış edərək bildirib ki, bu təyziqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır, lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər. O deyib ki, Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da DTİHB-da təmsil olunmur: "Ermənistanın isə bu qurumda 4 təmsilçisi işləyir. Bu isə müvafiq suallar doğurur".