İlham Əliyev Braziliya-Azərbaycan dostluq qrupunun sədrini qəbul edib

29 Oktyabr 2013 15:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul etmişdir.


Yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğuladı. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd etdi. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən Klaudio Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.


Dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.


III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.