Bu gün Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilib. "APA-Economics"in məlumatına görə, bu dəfə tədbir çərçivəsində 17 sahibkar subyektinə ümumilikdə 676 min manat həcmində güzəştli kredit verilib.
Verilmiş kreditlər əsasən müasir çörək istehsalı, tərəvəzçilik, heyvandarlıq, tikişçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 50-yə yaxın yeni iş yerlərinin açılmasına imkan verəcək.
Bundan başqa, sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara müasir çörək zavodunun və kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Zaur Qasımov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilir. Onun sözlərinə görə, bu sahədə biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama proseduralarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi və s. tədbirlərlə yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir: "Bu ilin 9 ayı ərzində ÜDM ötən illə müqayisədə 5,4%, ÜDM-də qeyri-neft sektoru 10,4%, bu müddət ərzində qeyri-neft sektoru üzrə ixracın həcmi ötən illə müqayisədə 13,12% artıb".
O bildirib ki, ölkədə ÜDM-də özəl sektorun payı 83%, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,3%-ni təşkil edib: "Vergi daxilolmalarının 71,9%-i, məşğulluğun 73,9%-i özəl sektorun payına düşür. Bu ilin 9 ayı ərzində 5 152 müəssisə qeydiyyata alınıb, müəssisələrin sayı 5,9% artaraq 83 590 vahidə çatıb. Yeni müəssisələrin 55,5%-i Bakı şəhərində yaradılıb. Bu müddətdə fərdi sahibkarların sayı 4,7% artaraq 452 mindən çox olub".
SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə bildirib ki, bu il ərzində Fond tərəfindən ölkə üzrə sahibkarlara 3 760-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 249 mln. manat güzəştli kredit verilib.
Onun sözlərinə görə, bu layihələrin reallaşması 10 700-ə yaxın iş yerinin yaradılmasına imkan verir: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) təsdiqindən ötən dövr ərzində SKMF tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 631 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər 5 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir".
Sonda tədbir çərçivəsində Bakının Binə qəsəbəsində güzəştli kredit verilmiş istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunun tikinti-quraşdırma işlərinə baxış keçirilib.