Azərbaycanda vitrin soyuducular və elektrik sobalar istehsal olunacaq

29 Oktyabr 2013 20:00 (UTC+04:00)

Azərbaycanda yaxın vaxtlarda istixana konstruksiyaları, istixana və istilik vasitələri və qida sənayesi avadanlıqları istehsal edən zavod açılacaq. Movqe.az-ın  məlumatına görə, artıq Bakının Binə qəsəbəsində belə bir zavodun tikintisi yekunlaşmaq üzrədir.

 

"Titan Group"un "Fayton" MMC-yə məxsus bu zavodun direktoru Nadir Həsənovun sözlərinə görə, müəssisə Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına tikilir. O bildirib ki, "Salvagnini" şirkətinin (İtaliya) avadanlıqları ilə quraşdırılmış müəssisədə artıq bu gün 40 nəfər işçi çalışır.

 

Onun sözlərinə görə, müəssisə tam fəaliyyətə başladıqdan sonra burada 300 nəfər işçi daimi işlə təmin olunacaq: "Hazırda burada il ərzində artıq 39 min poqon metr istixana avadanlığı məhsulu istehsal edilir. Gələcəkdə istehsal gücünü 10 dəfə artırmaq mümkün olacaq".

 

N.Həsənov qeyd edib ki, müəssisədə vitrin soyuducular, elektrik sobalar və mətbəx dəzgahlarının istehsalı da nəzərdə tutulub. "Əvvəllər bütün bu məhsullar Azərbaycana xaricdən gətirilirdi. Bundan sonra bu məhsullar ölkədə keyfiyyətli və gözəl formada istehsal olunacaq. Bu da ölkədə soyuducu və istixana avadanlıqları, məişət elektrik sobalarının qiymətinin ciddi şəkildə ucuzlaşmasına səbəb olacaq".

 

Zavodun direktoru deyib ki, müəssisənin ümumi dəyəri təxminən 10 mln. manat olacağı gözlənilir: "İstehsal gücündən və məhsul tələbatından asılı olaraq müəssisənin maliyyələşdirilməsi artırıla bilər. Bu günə qədər müəssisənin tikintisinə artıq 3,7 mln. manat yatırılıb".

 

Müəssisənin bu ilin sonunda rəsmən açılacağı nəzərdə tutulur və zavod istifadəyə verildikdən sonra tam gücü ilə fəaliyyətə başlayacaq.