Sumqayıtda “Karvan” Ticarət Mərkəzində bədbəxt hadisə olub

29 Oktyabr 2013 17:16 (UTC+04:00)

Sumqayıtda bir neçə gün əvvəl yanğın baş verən "Karvan" Ticarət Mərkəzində bədbəxt hadisə olub.


Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ticarət mərkəzində təmir işlərində çalışan, 35 yaşlı Ramil Rafiq oğlu Hüseynovun üstünə beton piltə düşüb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, oktyabrın 19-da Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb.

 

Xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.