Şou-biznesdə klip böhranı

29 Oktyabr 2013 17:18 (UTC+04:00)

Ülviyyə Könül: "Təklif olsa, klip çəkməkdən niyə imtina edilsin ki?!"


Dünya musiqi sahəsində yaşaşanlardan fərqli olaraq bu gün Azərbaycanda klip çəkilişləri ilə bağlı sanki bir tənəzzül yaşanmaqdadır. İndi əvvəlki illərlə müqayisədə kliplərin sayı elə çox deyil. Eyni zamanda keyfiyyət etibarı ilə də hansısa yüksəlişdən danışmaq olmaz.

Məsələyə münasibət bildirən rejissor Nail Naiboğlu Mövqe.az-a açıqlamasında qeyd edir: "İnanmıram, Azərbaycanda elə bir müğənni olsun ki, ona klip çəkdirmək istəsinlər, amma o etiraz etsin. Bu, mənim şəxsi fikrimdir. Mən inamıram ki, hansısa rejissora müğənni tərəfindən təklif olsun, amma həmin rejissor qayıdıb desin ki, yox mən klip çəkmirəm sənə...Ola bilər qiymət problemi olsun. Ya da olur ki, müğənni deyən qiymətlə rejissor, ya da ki, əksinə, rejissor deyən qiymətlə müğənni razılaşmır. Mən başlayandan demişəm ki, mən sırf klipmeykr kimi fəaliyyət göstərirəm. Əgər bu gün müğənnilər mənə kliplərini həvalə edirlərsə, bu, mənim günahım deyil. Yəqin, yaxşı çəkirəm ki, mənə çəkdirirlər".

Rejissor Ülviyyə Könül isə məsələyə belə münasibət bildirir: " Mən öz adımdan danışa bilərəm. Şəxsən mən indi daha çox klipə yox, film çəkilişinə üstünlük verirəm. Sadəcə, mənim dəsti-xəttimi bəyənənlər mənə yenə müraciət edirlər. Yeni başlayanlardan müraciət olmur. Olanda da çox nadir hallarda olur. Bilirsinizmi, yaş artdıqca maraqlar böyüyür, dəyişir. Artıq səmimi desəm, müraciətlər azalıb. Çünki mən klip bazarından uzaqlaşmışam. İldə 1-2 klip təhvil verirəm. Faiq Ağayev, Tünzalə Ağayeva və başqaları müraciət edib, mən də çəkmişəm. Elə insanlardır ki, onları mən artıq dost kimi qəbul etmişəm. Neçə illərdir birlikdəyik... Müğənnilərimizin bəziləri artıq klip çəkmək üçün xaricə müraciət edir, burada pis heç nə yoxdur. Adi haldır. Dəyişiklik lazımdır. Əgər müğənninin özünə və mahnıya həmin klip yaraşırsa, xaricdə klip çəkdirmək qəbahət sayılmır. Ancaq onu da qeyd edim ki, bizdə bəzi müğənnilər xarici rejissorlara daha çox qonarar verir. Amma özümüzkülərə daha az pul verilir. Bu da qınanılası deyil. Müğənninin öz puludur və öz istədiyi kimi də xərcləyir".

Ülviyyə Könül "klip çəkməkdən imtina etmişik" deyən rejissorların da bostanına daş atdı: "Bilirsiz necədir, məncə təklif olsa, klip çəkməkdən niyə imtina edilsin ki?! Sadəcə, ola bilər təklif yoxdur. Axı nə vaxta kimi 5-6 tanınmış klipmeykerin ətrafında bu cərəyan etməli idi?! Hər kəsin öz dövrü olur. Bunun nə vaxtsa sonu gəlməli idi. Sadəcə, əvvəlki klipmeykerlərin profili dəyişib, artıq film çəkirlər, işsiz qalmayıblar. Mən də artıq kino çəkməyə üstünlük verirəm. Bir qısametrajlı film üzərində işləmək bir il yarım iki il tələb edir".