Ölkəmizdə xarici hərbi gəmilərin istehsalına başlanıla bilər

30 Oktyabr 2013 07:45 (UTC+04:00)

Məlumdur ki, hazırda Azərbaycan 750 adda silah və hərbi sursat istehsal edir. İstehsalatda Azərbaycan müdafiə sənayesinə xeyli sayda əcnəbi ölkə və şirkət köməklik göstərməkdədir. Əməkdaşlıq çərçivəsində bir çox ölkələrin lisenziyası əsasında silah istehsalına misal kimi Rusiyanın "Kalaşnikov" avtomatını göstərə bilərik. Artıq bu praktikanın ilk olmadığını və ölkəmizdə Gəmiqayırma Zavodunun fəaliyyətini nəzərə alsaq, Rusiyanın və digər inkişaf etmiş ölkələrin lisenziyası əsasında hərbi gəmilərin də istehsalı gündəmə gəlir.

Qeyd edək ki, Vyetnam hökuməti məhz Rusiyadan aldığı lisenziya əsasında bu ölkənin "Molniya" hərbi gəmilərinin istehsalını həyata keçirəcək. Həmin gəmilərin inşası ilə bağlı layihə isə Rusiya hərbi mütəxəssislərinin rəhbərliyi əsasında həyata keçriləcək. Azərbaycanın da anoloji təcrübədən istifadəsi zəruri sayılır. Ancaq burada mütəxəssislərin fikirləri birmənalı deyil.

Məsələn, hərbiçi ekspert Üzeyir Cəfərov bildirir ki, silahın, texnikanın istehsalı üçün şərait və onun yaxşı mütəxəssisləri olmalıdır: "Mütəxəssislər kənardan gətiriləndə həmin satacağın malın pulunun xeyli hissəsi mütəxəssislərin məvacibinə, onların burada yaşayışına sərf olunmalıdır. Yaxşı olardı ki, bu işə bacarıqlı yerli mütəxəssislər cəlb edilsin. Onlar həm özlərinə, həm də dövlətə müəyyən fayda gətirərlər. Azərbaycanın böyük anlamda hərbi gəmi buraxması mürəkkəb məsələdir. Çünki, biz yalnız aztutumlu, Xəzər dənizi imkanları çərçivəsində hərəkət edə bilən hansısa gəmilər, sürətli katerlər, qayıqlar istehsal edə bilərik. Nəzərə alsaq ki, əgər biz böyük dənizlərdə, okeanlarda üzə biləcək gəmilər istehsal edəcəyiksə, onların Azərbaycandan daşınması məsələsi var. Xəzər dənizi vasitəsi ilə onu daşıya bilsək də, Volqa çayı ilə onu keçirmək imkanlarımız olmayacaq. Hətta nəzəri baxımdan keçirmək imkanlarımız olsa belə, Azərbaycan daşınma xərclərinə görə xeyli vəsait ödəməlidir. Ümidvaram ki, ölkəmiz Xəzər dənizini və ona bənzər dəniz imkanlarına malik olan ölkələrə öz məhsulunu sata bilər. Həmin məhsulların nə dərəcədə müasir tələblərə cavab verəcəyini isə Müdafiə Sənayesi Nazirliyi daha yaxşı bilir. Bu gün Azəraycan Hərbi Dəniz Qüvvələri - Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN) üçün ilkin addımlar atmalıdır. Artıq o məhsullar Xəzər dənizində görünəndən sonra başqa ölkələrə də təklif edə bilərik. İndi dünyada bu tipli məhsulların buraxılmasında aparıcı ölkələr var. İstehsal olunmuş məhsulu satmaq o qədər asan məsələ deyil. Hər il sərgilər olur. Əgər özünü doğruldursa, onun alıcıları da olacaq. Azərbaycan da bu məhsulları buraxmalıdır ki, ondan sonra potensial alıcıları qazana bilsin. Yaxın zamanlarda bu sahədə böyük işlər görmək olar".

Digər ekspert Emin Həsənli bildirdi ki, Azərbaycanın iqtisadiyyatı həddindən artıq güclənib: "Bu gün Azərbaycanda hərbi elmin qanunlarına uyğun olaraq sistemli islahatlar aparılır. Özümüzün müdafiə təyinatlı silahlarımız istehsal olunur. 750 addan artıq silah istehsal edirik. Gələcəkdə iri texnikanın, hərbi gəmilərin istehsalı nəzərdə tutula bilər. Həm də köhnə gəmilərin modernləşməsi məsələsinə baxıla bilər. Azərbaycan dünyanın bir çox dövlətləri ilə ikitərəfli hərbi, iqtisadi, siyasi əməkdaşlığı var. Odur ki, bu məsələlərə baxıla bilər. Ümumiyyətlə, beynəlxalq hüquqda, hərbi qanunlarda nə mümkündürsə, Azərbaycanda tətbiq edilir. Gələcəkdə də inkişaf etmiş dövlətlərin lisenziyası əsasında Azərbaycan özü silahlar istehsal edə bilər. Bu məsələyə dünyanın aparıcı dövlətləri - ABŞ, Rusiya, İsrail, Türkiyə ilə baxıla bilər. Müsbət haldır ki, bu dövlətlərin hamısı ilə Azərbaycanın yaxşı əlaqələri var. Düzdür, elə silahlar var ki, onlar aparıcı dövlətlərdən alınacaq. Ancaq Azərbaycan dövlətinin qarşısına qoyduğu ən əsas məqsədlərdən biri odur ki, daxili ehtiyaclarını özü ödəsin. Müdafiə Sənayesi Nazirliyi məhz bunun üçün yaradılıb".