Bakıda Türkiyə Cümhuriyyətinin 90 illiyi münasibətilə rəsmi qəbul keçirilib

30 Oktyabr 2013 11:13 (UTC+04:00)

Oktyabrın 29-da Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 90 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

Qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatları, Bakıda fəaliyyət göstərən türkiyəli iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun ölkəsinin 90 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Səfir Azərbaycan və Türkiyənin hər yerdə, beynəlxalq platformalarda bir-birlərini bütün məsələlərdə hər zaman dəstəklədiklərini deyib: "Türkiyənin mövqeyi ondan ibarətdir ki, Azərbaycan əraziləri tezliklə işğaldan azad olunmalıdır. Bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir. Biz bu və digər məsələlərdə Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın yanındayıq".

 

Prezident İlham Əliyevin adından Cümhuriyyət Günü münasibətilə mərasim iştirakçılarını təbrik edən baş nazirin müavini Abid Şərifov ölkələr arasında son illər əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib. A. Şərifov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirib.