Energetika naziri Rusiyaya səfər edəcək

30 Oktyabr 2013 14:28 (UTC+04:00)

Azərbaycan, İran və Rusiya Energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan  Moskvada Azərbaycan, İran və Rusiya energetika nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Movqe.az-ın Energenitka nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 31 oktyabr tarixindən etibarən Moskvaya rəsmi səfəri başlayacaq. Üç gün davam edəcək səfər zamanı nazir, İran İslam Respublikasının Energetika naziri Həmid Çitçiyan və Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak üç ölkə arasında elektroenergetika sahəsində əmakdaşlıq məsələlərini müzakirə edəcəklər. 


Qeyd edək ki, Azərbaycan həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə elektroenergetika sahəsində sıx əməkdaşlıq edir. Belə ki, 6 iyun 2013-cü il tarixində Volqoqrad şəhərində "Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş" imzalanıb. Bu saziş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaradıb. Artıq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşib. Bunlar, 330 kV-luq "Dərbənd" və 110 kV-luq "Yalama" elektrik verilişi xətləridir. Eyni zamanda, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Energetika nazirinin Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 2-də başa çatacaq.