Bakıda toyda 3 nəfər bıçaqlandı

30 Oktyabr 2013 14:33 (UTC+04:00)

Bakıxanov qəsəbəsindəki "Firuzə" şadlıq sarayındakı insidentə səbəb toy sahibinin maşını doğru yerdə saxlamaması olub


Kriminal  Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda keçirilən toy mərasimində baş vermiş qanlı hadisə ilə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, oktyabrın 29-da Mehmandarov küçəsində Bakı şəhər sakinləri - Xaləddin Əhədov, Eldar Məmmədov və Fərid Cərullayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib.


Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub.


Qeyd edək ki, hadisə Bakıxanov qəsəbəsindəki "Firuzə" şadlıq sarayının həyətində baş verib. 


Məlumata görə, hadisəyə səbəb toy sahibinin Xaləddin adlı qonşusunun maşını doğru yerdə saxlamaması olub. Sürücünün maşını digər avtomobillərin hərəkətinə mane olan istiqamətdə saxlaması qarşıdan gələn avtomobilin sahibinin qəzəbinə səbəb olub.


Bu zaman sürücü ilə toy sahibinin qonşusu Xaləddin arasında dava düşüb. Qəzəblənən sürücü Xaləddinə 5 bıçaq zərbəsi endirib. Hadisəni aydınlaşdırmağa gələn toy sahibinin qohumu Eldar Məmmədov da ürəyindən bıçaqlanıb, lakin bıçaq dərinə getmədiyi üçün vəziyyəti yaxşıdır.