Banklara qoyulan 1,97 milyard manat üzərində böyük təhlükə

30 Oktyabr 2013 15:34 (UTC+04:00)

Məlumat verildiyi kimi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 2013-cü ilin III rübün nəticələrini müzakirə edib. Fonddan verilən məlumata görə, bu ilin iyul-sentyabr aylarında fiziki şəxslərin cəmi əmanətləri 3,8% artaraq 5 milyard 831 milyon manata çatıb. Fiziki şəxslərin cəmi əmanətlərinin 34%-ni qorunmayan əmanətlər, 66%-ni isə qorunan əmanətlər təşkil edir. Hazırda fiziki şəxslərin banklarda  cəmi əmanətləri 5,8 milyard manatdır ki, bunun da 3,87 milyard manatı qorunur. Qalan 1,97 milyard manat isə  qorunmayan əmanətlər sırasındadır. Bəs qorunmayan əmanətlərə hansı təhlükələr mövcuddur və onlar gələcəkdə müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Movqe.az-a verdiyi açıqlamada bunun gələcəkdə əmanətçilər üçün ciddi bir təhlükəyə çevrilə biləcəyini deyib:

 "Qanunvericiliyə görə, sığortalanma əməliyyatının həyata keçirilə biləcəyi müəyyən hədd var. Və bu hədd 30 min manatdır. Azərbaycanda  30 min manata qədər əmanətləri sığortalamaq mümkündür. Bundan əlavə, bəzi banklar  Əmanətlərin Sığortalanma Fonduna üzv olmayıblar. O banklarda olan əmanətlərin, əmanətçilərin gələcəkdə problemi yarana bilər. Çünki o banklar digərlərinə nisbətən çox böyük faiz təklif etdiyindən əmanətçilər də qanunvericiliklə yaxından tanış olmadığından, olacaq problemləri bilmədiyindən yuksək faizə aldanaraq, əmanətlərini həmin banklarda yerləşdirməyə üstünlük verirlər. Gələcəkdə həmin bankların müflis olması gündəmə gələrsə, banklarda hər hansı ciddi problemlər yaşanarsa, təmərkküzləşmə və ya bağlanma əməliyyatları həyata keçirilərsə, həmin siğortalanmamış əmanətlərin qaytarılmasında dövlət heç bir məsuliyyət daşımayacaq. Çünki, qanunvericilik açıq-aydın göstərir ki, Azərbaycanda sığortalanmış əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu və dövlət hər hansı məsuliyyət daşıyır və o əmanətlərin qaytarılmasında iştirak edir. Ona görə də, düşünürəm ki, böyük bir əmanət həcminin, 1,97 milyard manatın sığortalanmaması ciddi bir problemdir". 

Ekspert məsələnin üzərinə ciddi şəkildə düşülməli olduğunu bildirib: "Həm əhali, həm banklararası assosialasiyalar bunun üzərində düşünməlidir. Eyni zamanda banklarla məşğul olan Maaliyyə Nazirliyi və Mərkəzi Bank bu barədə ciddi tədbirlər görməlidir. Çünki, hər hansı bir problem yaranarsa, o, ciddi sosial gərginliyə də yol aça bilər. Çünki, insanların əmanətləri batarsa, onların geri qaytarılması mexanizmləri olmadan ciddi problemlər ortaya çıxa bilər. Ona görə də, bu problemin ciddi şəkildə, kökündən həll olunması üçün sığortalanma məbləğinin həcmi qaldırılmalıdır. Bankların hamısı məcburi qaydada Əmanətlərin Sığortalanma Fonduna üzv olmalıdırlar. Mərkəzi Bank bu barədə ciddi göstərişlər verməlidir". 

Digər iqtisadçı-ekspert Ruslan Atakişiyev də sığortalanmamış əmanətlərin gələcək üçün böyük bir risk olduğunu bildirib: "Bu gün  fiziki şəxslər 34-ə yaxın müxtəlif banklarda öz vəsaitlərini sığortalanan hissələrin miqdarında yerləşdirə bilərlər. Amma istər bu vəsaitlərin siğortalanmamış hissəsi olsun, istər siğortalanan hissəsi olsun, ümumiyyətlə, makroiqtisadi səviyyədə maaliyyə bazarında stabilliyin özü əmanətlərin qorunması baxımından əhəmiyyətlidir. Amma makroiqtisadi səviyyədə maaliyyə stabilliyi pozularsa, bu, istənilən halda əmanətlərin qorunması baxımından çox böyük təhlükə oyadır. Hesab edirəm ki, ümumiyyətlə, əmanətlərin siğortalanmamış hissəsinin qalması həmişə əmanətlərin daha geniş bir şəkildə riskə atılmasına gətirib çıxarır".  

Xatırladaq ki, bu il avqustun 1-dən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-ə endirilib. Avqustun 1-dən etibarən üzv banklarda illik 10%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir. Hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.